Sığorta sektorunun aparıcı şirkətlərindən olan “Qala Sığorta” hazırda qeyri-iş günləri olduğunu və pandemiya ilə mübarizədə həyata keçirilən preventiv tədbirlər çərçivəsində müəyyən olunmuş qaydalara riayət olunmasının vacibliyini nəzərə alaraq sığorta hadisələrinin distant formada tənzimlənməsini təşkil edir.
FED.az xəbər verir ki, “Qala Sığorta” sığortalılarla, faydalanan şəxslərlə, habelə şirkətdaxili aidiyyatı struktur bölmələri ilə məlumat mübadiləsini online qaydada həyata keçirir. Şirkət həmçinin sığorta ödənişlərini internet bankçılıq vasitəsilə həyata keçirərək müştərilərin evlərini tərk etmədən pul vəsaitlərini əldə etməsini təmin edir.
Qeyd edək ki, son bir həftə ərzində Kasko və icbari avtomobil sığortası üzrə “Qala Sığorta” tərəfindən tənzimlənmiş hadisələrin sayı 90-dan çoxdur, nəzərdə tutulan sığorta ödənişlərinin ümumi məbləği isə 70 000 manatdan çox təşkil edir.
Xatırladaq ki, yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC olan “Qala Sığorta” şirkəti müştərilərinə 1 filial və 10 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.