Azərbaycanın həyat sığortası bazarının ən dayanıqlı və aparıcı şirkətlərindən olan “Qala Həyat Sığorta Şirkəti” nizamnamə kapitalının həcmini 13 041 600 manata çatdırıb.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən FED.az-a verilən məlumata görə, nizamnamə fondunun artırılması şirkətin uzunmüddətli strateji inkişaf planına müvafiq olaraq kapital artırımı istiqamətində atdığı prioritet addımlardan biri kimi sayılır. Şirkət bazarda öz mövqeyini və dayanıqlığını daha da gücləndirməsi üçün növbəti illərdə də bu siyasətini davam etdirmək niyyətindədir.
Qeyd edək ki, Səhmdarların Ümumi Yığıncağının yekun qərarına əsasən, nizamnamə kapitalının artırılması əlavə səhmlərin buraxılması yolu ilə həyata keçirilib. “Təsisçilər tərəfindən ümumi dəyəri 171 600 manat, o cümlədən hər birinin dəyəri 2 860 manat olan 60 (altmış) ədəd sənədsiz, adi adlı səhmin buraxılması nizamnamə kapitalının planlaşdırılan səviyyəyədək artırılması qərarı verilib. Səhmlərin yerləşdirilməsi qapalı təklif üsulu ilə birjadankənar həyata keçirilib. Səhmlərin yerləşdirilməsi prosesi tam başa çatıb və bununla da “Qala Həyat Sığorta Şirkətinin” ümumi nizamnamə fondunun həcmi 13 041 600 manata çatdırılıb.
Azərbaycanda ilk müddətsiz lisenziyaya sahib olan “Qala Həyat Sığorta Şirkəti” 2010-cu ildən fəaliyyətə başlayıb.