Faəliyyət sahədən asılı olmayaraq şirkət tərəfindən işçilərə diqqət və qayğının göstərilməsi həmin şirkətdə korporativ mədəniyyətin və məsuliyyətin olmasının bir göstəricisidir.
Təcrübə göstərir ki, istənilən təşkilatda işçilər onun əsas resursu kimi qəbul edilməli və fəaliyyətlərinin nəticələrinin məhsuldar olması üçün daim motivasiya edilməlidirlər.
İctimaiyyətlə Əlaqələr Xidmətindən FED.az biznes-maliyyə portalına verilən məlumata görə, “Qala Sığorta” və “Qala Həyat” şirkəti bu prinsipləri nəzərə alaraq sinerji proqramı çərçivəsində əməkdaşlar üçün növbəti layihəsini həyata keçirib.
Hər iki şirkət əməkdaşlarına xüsusi diqqət yetirərək onların asudə vaxtlarının daha səmərəli təşkili üçün Bakının tanınmış “ONTOP Bowling İdman və Əyləncə Mərkəzi”ndə “Əzəmətli Qala” adlı mini boulinq çempionatı təşkil edib.
Əməkdaşlar tərəfindən maraqla qarşılanan oyun nəticəsində ən çox xal toplayan qaliblər müəyyən olunub və onlara “Qala Həyat” və “Qala Sığorta” tərəfindən dəyərli hədiyyələr təqdim olunub.
“Qala Həyat” və “Qala Sığorta” şirkəti fəaliyyətə başladığı tarixdən öz işçilərinə daim dəyər verərək onların motivasiya olunması istiqamətində bir çox layihələr həyata keçirib. Hə iki şirkət bu korporativ dəyərlərə sadiq qalaraq növbəti illərdə də bu kimi layihələri reallaşdırmaq niyyətindədir.