Azərbaycan sığorta bazarının aktiv iştirakçılarından olan “Qala Həyat” şirkəti müştərilərinin onlayn ödəmələr istiqamətində işini daha da asanlaşdırıb. Belə ki, şirkət müştərilərinin rahatlığını düşünərək e-pul.az, hesab.az, smartpay.az və kassam.az ödəniş platformalarına qoşulub.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən FED.az saytına verilən məlumata görə, artıq “Qala Həyat” şirkətinin müştəriləri ofisə gəlmədən sığorta haqqı ödənişlərini onlayn formada həyata keçirə bilərlər. Müştərilər qeyd edilən ödəniş sistemlərinə daxil olmaqla müqavilə nömrəsi və FİN (fərdi indentifikasiya nömrəsi) kodu daxil edərək sığorta haqqı ödənişlərini tez bir zamanda ödəyə biləcəklər.
Qeyd edək ki, əlavə olaraq həmin axtarış üsulu “Expresspay” ödəniş portalında da tətbiq olunub.
“Qala Həyat” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Azər Əlizadənin sözlərinə görə, sözügedən ödəniş sistemlərinə qoşulmaqda əsas məqsəd müştərilərimizin rahatlığını təmin etməklə onların vaxtlarına maksimum şəkildə qənaət etməkdir: “Düşünürəm ki, “Qala Həyat” şirkəti tərəfindən bu kimi işlər gələcəkdə də uğurla davam etdiriləcək” – deyə, A.Əlizadə qeyd edib.