“PAŞA Sığorta” şirkəti Füzuli sakini məcburi köçkün Əsgərov Seymur Tofiq oğluna məxsus fərdi yaşayış evinə dəymiş zərərin sığorta hadisəsi nəticəsində baş vermədiyi ilə bağlı öz mövqeyini bildirib.
FED.az saytının sorğusuna cavab olaraq, “PAŞA Sığorta” şirkəti rəsmi qaydada bildirir ki, sözügedən hadisənin hansı səbəbdən baş verməsi qeyri-müəyyən olduğundan hadisənin sığorta hadisəsi olması öz təsdiqini tapmamışdır.
Eləcə də bax:Mərkəzi Bank - “PAŞA SIĞORTA”YA TƏQDİMAT GÖNDƏRDİ
“PAŞA Sığorta” ASC-nin bu məsələ ilə bağlı rəsmi mövqeyini qeyd edirik:
Vətəndaş tərəfindən edilən müraciət tərəfimizdən dərhal qeydiyyata alınıb və izahata əsasən müəyyən olunmuşdur ki, BA 962461 saylı Daşınmaz Əmlakın İcbari sığorta şəhadətnaməsi ilə sığortalamış Füzuli rayonu Horadiz şəhəri, 20 Yanvar küçəsi 51 ünvanında yerləşən əmlakın divarlarında olan çatlar naməlum səbəbdən və naməlum vaxtda baş vermişdir. Bunu nəzərə alaraq bildiririk ki, hadisənin sığorta hadisəsi kimi nəzərə alınması üçün sığortalanmış risk nəticəsində törənməsi zəruridir. Lakin sözügedən hadisənin hansı səbəbdən baş verməsi qeyri-müəyyən olduğundan hadisənin sığorta hadisəsi olması öz təsdiqini tapmamışdır.
Qeyd edək ki, AR Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermis hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi səbəbindən “Paşa Sığorta” ASC-nin bu hadisə ilə əlaqədar ortaya çıxmış zərərə görə məsuliyyəti yaranmır.
Onu da qeyd etmək istəyirik ki, şikayətçiyə 29 iyul tarixində şirkətimiz adından rəsmi məktub da ünvanına göndərilib.
Xatırladaq ki, cari ilin iyun ayının 13-də torpaq sürüşməsi nəticəsində Horadiz şəhərində yerləşən Füzuli sakini məcburi köçkün Əsgərov Seymur Tofiq oğluna məxsus fərdi yaşayış evi qəzalı vəziyyətə düşmüşdür. Vətəndaş “Paşa Sığorta” şirkətinin qaynar xəttinə sığorta hadisəsi ilə bağlı məlumat verib və dərhal şirkətin əməkdaşları hadisə yerinə baxış keçiriblər. Şirkətin əməkdaşları onunla əlaqə saxlayacaqlarınını bildiriblər. Lakin vətəndaş Əsgərov Seymur Tofiq oğlu bildirir ki, 2019-cu ilin uyun ayından indiyədək şirkət əməkdaşları onunla əlaqə saxlamayıb. O bununla bağlı “Paşa Sığorta” ASC-nin rəhbərliyinə şikayət də edib:
Qeyd edək ki, vətəndaşın şikayəti əsasında AMB-nin sədrinin birinci müavini Alim Quliyev tərəfindən “PAŞA Sığorta” şirkətinə təqdimat məktubu da göndərilib.