Şirkətin baş ofisindən FED.az saytına verilən məlumata görə, ötən il ərzində ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus daşınmaz əmlakın icbarı sığortası növü üzrə 169 (sığorta şəhadətnaməsi) mənzil sığortalanıb.
Şirkətdən bildirilib ki, 169 sığorta şəhadətnaməsi üzrə sığorta haqqı məbləğinin həcmi 5 840 manat təşkil edib. Qeyd olunan dövr ərzində isə aztəminatlı ailələrə məxsus daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta ödənişi olmayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 fevral 2012-ci il tarixli 43 nömrəli qərarı ilə ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqları dövlət büdcəsinin vəsaitləri hesabına ödənilir.
Xatırladaq ki, “PAŞA Sığorta” Azərbaycanın sığorta xidmətləri bazarında tanınmış liderlərdən biridir. Hazırda şirkətin nizamnamə kapitalının həcmi 50 milyon manatdır və 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Kapitalın bu cür yüksək səviyyəsi “PAŞA Sığorta” şirkətinə öz sığorta öhdəliklərini əminliklə yerinə yetirməyə zəruri maliyyə imkanı verir və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir.