Azərbaycanın “PAŞA Həyat” şirkəti baş ofisini “PAŞA Sığorta” şirkəti ilə birləşdirəcək.
FED.az xəbər verir ki, 14 sentyabr tarixindən etibarən “PAŞA Həyat”ın Nərimanov rayonu Maykovski 15 ünvanında yerləşən baş ofisi fəaliyyətini paytaxtın M.Useynov prospekti 61 ünvanında yerləşən “Sahil Plaza” adlanan ofisdə davam etdirəcək.
Qeyd edək ki, M.Useynov prospekti 61 ünvanında “PAŞA Sığorta” şirkətinin baş ofisi yerləşir.
Şirkət özünün rəsmi facebook səhifəsində qeyd edib ki, yeni ofisə köçmə ilə bağlı 11 – 13 sentyabr tarixlərində onlayn xidmətlərdə və rəsmi saytda müəyyən çətinliklər yara bilər. Yarana biləcək hər hansı texniki qüsurlar çox qısa zamanda aradan qaldırılacaq.
Xatırladaq ki, “PAŞA Həyat” Sığorta şirkətinin 2018-ci ilin yekun hesabatında şirkətin “Qərb” filialı (Gəncə şəhəri, Atatürk prospekti 261) Cəmiyyətin Ali İdarəetmə orqanının 01.10.2018-ci il tarixli 020-18 saylı qərarı ilə ləğv edilmişdi.
Qərb filialının (Gəncə) əvvəlki ofisi bağlandıqdan sonra şirkət fəaliyyətini “PAŞA Sığorta”nın Gəncə şəhəri, Atatürk prospekti 240 ünvanında davam etdirməyə başlayıb.
Qeyd edək ki, “PAŞA Həyat” yeni baş ofisə köçdükdən sonra Maykovski 15 ünvanında yerləşən inzibati binanın hansı məqsədlər üçün istifadə olunacağı hələlik məlum deyil.
"PAŞA Həyat Sığorta" ASC 2010-cu ilin noyabr ayında dövlət qeydiyyatına alınıb, 2011-ci ilin fevralından fəaliyyətə başlayıb.