“Atəşgah” Sığorta Şirkəti yenidən icbari avtomobil sığortasının satışı ilə məşğul ola biləcək.
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin 29 aprel 2019-cu il tarixli qərarı ilə “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası növü üzrə məhdudiyyət aradan qaldırılmışdır.
Bu barədə “Atəşgah” Sığorta Şirkətindən bildirilib.
İcbari Sığorta Bürosunun sisteminə məlumatların daxil edilməsi zamanı müəyyən pozuntulara yol verdiyi üçün Palata tərəfindən “Atəşgah” Sığorta Şirkətinə avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası növü üzrə məhdudiyyət tətbiq edilmişdi.
Palatanın 13 APrel 2019-cu il tarixində yaydığı məlumatda bildirilirdi:
"“AtaSığorta” və “Atəşgah” sığorta şirkətləri tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar Cəmiyyətlərə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyindən, Qanunun 105.1.2-ci, 105.1.2.2-ci, 105.2-ci maddələrinə və Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən, Palatanın İdarə Heyətinin 12 aprel 2019-cu il tarixli qərarı ilə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə “AtaSığorta” ASC və “Atəşgah” Sığorta Şirkəti ASC-yə sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb".