“Azərbaycanda əmək bazarının inkişafı və işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi üçün tədbirlər görülür”.
Eləcə də bax: Hərbi qulluqçuların icbari sığortası ilə bağlı - QANUN DƏYİŞDİRİLİR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisin bu gün keçirilən plenar iclasında nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsində deyib.
Onun sözlərinə görə, gələn il Özünüməşğulluq Proqramına bu illə müqayisədə ayrılacaq vəsait 46%-dən çox artacaq: “Proqramın həyata keçirildiyi dövr ərzində ilk dəfə kənd təsərrüfatı obyektləri sığortalanacaq”.
Bundan başqa, nazir müavini bildirib ki, gələn il Bərdə və Qubada peşə hazırlıq mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub.
“2022-ci ildə haqqı ödənilən işlərə 2 milyon manat xərclənməsi nəzərdə tutulur. Ölkənin məşğulluq xəritəsi, ölkə üzrə məşğulluq reyestri üzrə işlər gələn il tamamlanacaq. Bu, qeyri-formal məşğulluğa nəzarəti gücləndirəcək. Növbəti ildə məşğulluq tədbirlərinin böyük hissəsi işğaldan azad olunmuş ərazilərə geri dönəcək vətəndaşların məşğulluğunun təmin edilməsinə yönəldiləcək”, - deyə A.Kərimov əlavə edib.