Azərbaycanda sığorta bazarının sürətli inkişafını ləngidən səbəblərdən biri də sığorta təhsilindəki ciddi boşluğun olması ilə bağlıdır. Bunu FED.az saytına açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Təhsil Komitəsinin sədri, “AVAND” sığorta brokerinin Direktorlar Şurasının sədri Orxan Həsənov bildirb.
O.Həsənovun sözlərinə görə, ölkədə sığorta təhsili ilə bağlı maariflənmə vəziyyətinin mövcud durumu ilə bağlı bütün şirkətlərdə bir il müddətində araşdırma aparılıb: “Araşdırma nəticəsində, belə bir qənatə gəldik ki, əslində indiki vəziyyətdə sığorta bazarı üzrə təhsil demək olar ki yox səviyyəsindədir. Çünki Azərbaycanda sığorta ilə bağlı təhsili olanlar yalnız CII (The Chartered Insurance Institute), eləcə də ölkə daxilində və xaricində müvafiq kurslar keçmiş insanlardır. Yəni birbaşa sığorta yönümlü təhsilli deyillər, eyni zamanda öz ixtisasları üzrə də işləmirlər. İnsanlarda baza sığorta biliyi ilə yanaşı, ölkdə standart tədris sistemi yoxdur, bazar çox qarışıqdır”.
O.Həsənovun bildirdiyinə görə, Azərbycanda sığorta təhsili ilə bağlı vahid bir standart olmalıdır. Bu standartın tətbiqi üçün ASA bu sahədə çox böyük ciddi işlər görür. Artıq ASA ilə Dövlət İqtisad Universiteti arasında razılaşma da əldə olunub. Razılaşmaya əsasən, Universitetdə sığorta tədris planı kimi dərsliyə əlavə ediləcək. Bu, 1 illik və ya 2 illik kurslar olacaq ki, nəticədə bu kursları bitirənlərə universitetin müvafiq diplomu təqdim ediləcək.
O.Həsənov bu kimi problemlərin köklü olaraq aradan qaldırılması üçün ASA-nın nəzdində yeni Tədris-Təlim Mərkəzinin yaradılmasının da nəzərdə tutulduğunu qeyd edib. Bu mərkəzin əsas məqsədi Azərbaycanın sığorta təhsilinə vahid standartı gətirməkdir. Bu sahədə hədəfimiz bir neçə qrupdan ibarət olacaq ki, bura ümumi sığortaçılıq, ixtisaslaşma ilə bağlı sığortanın konkret sığortanın bir növü üzrə təlimlər və s. daxil olacaq.
Təlimlərin bir hissəsi ASA-da keçiriləcək. Bununla yanaşı sığorta şirkətləri tərəfindən edilən sifarişləri nəzərə alaraq müvafiq mövzuda olan təlimləri şirkətlərdə də təşkil edə bilərik.
Bununla bağlı, tədris proqramları və materialları hazırlanıb artıq ASA-ya təqdim olunub və yaxın zamanlarda komitələrdə müzakirəyə çıxarılacaq. Eyni zamanda bu işlərə Türk Sığorta Vakfından (TSV) da çox ciddi dəstək alacağıq. TSV-dən əldə olunan dərsliklər Azərbaycan dilinə tərcümə olunaraq tədris olunacq.
Orxan Həsənov: ASA sığorta təhsili ilə bağlı vahid standart yaradır
15:18
13 Noy 2018