2019-cu ilin 7 avqust tarixində Oğuz, 8 avqust tarixində isə Qəbələdə həmin rayonların
icra hakimiyyətlərinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşkilatçılığı
ilə “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda növbəti silsilə maarifləndirici
tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin
üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olub.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Naxçıvanski, Oğuz
rayon Mərkəzi Xəstəxanasının baş həkimi Anar Əzizov, Qəbələ Rayon İcra Hakimiyyəti
başçısının müavini Ətayə Osmanova, Qəbələ rayon Mərkəzi Xəstəxanasının baş həkimi
Sabir Bayramov, Agentliyin əməkdaşları Pərvin Baxşəliyeva, Elvin Abbasov və Vüsal Əzizov
çıxış ediblər.
Y.Naxçıvanski bildirib ki, ölkə rəhbərliyi tərəfindən əhalinin sosial rifahının
yaxşılaşdırılması istiqamətində bir sıra islahatlar həyata keçirilir. Onlardan biri də ölkə üzrə
icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı verilən qərardır.
A.Əzizovun sözlərinə görə, icbari tibbi sığortanın ölkə üzrə tətbiqi məqsədilə tibb
müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılacaq və xəstəxanalarda informasiya
texnologiyaları infrastrukturu qurulacaq.
Ə.Osmanova tibb sahəsində dövlət başçısının rəhbərliyi altında uğurlu islahatların
aparıldığını, icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı mühüm addımlar atıldığını və artıq
2020-ci ilin yanvarın 1-dən sistemin bütün ölkə ərazisini əhatə edəcəyini bildirib.
S.Bayramov isə öz növbəsində xəstəxanaların müasir texnoloji nailiyyətlərə əsaslanan
tibbi avadanlıqlarla təchiz olunduğunu, icbari tibbi sığortanın əhalinin sosial rifahının
yaxşılaşdırılması istiqamətində tətbiq olunacağını diqqətə çatdırıb.
Agentliyin əməkdaşları icbari tibbi sığorta sisteminin məqsədi, sistemin tətbiqi ilə bağlı
dünya ölkələrinin təcrübələri, xidmətlər zərfi çərçivəsində göstəriləcək ambulator, stasionar
müayinə və müalicələr barədə çıxış ediblər. Bildirilib ki, xidmətlər zərfinin əlavə hissəsinə
həkim müayinəsi, laborator diaqnostik müayinələr, cərrahi əməliyyatlar, xəstənin
ehtiyaclarına uyğun qulluq və s. tibbi xidmətlər daxildir.
Sonda vətəndaşları maraqlandıran suallar Agentliyin əməkdaşları tərəfindən
cavablandırılıb və iştirakçılara maarifləndirici buklet paylanılıb.
Qeyd edək ki, bundan əvvəl maarifləndirici tədbir Quba, Qusar, Balakən, Qax,
Zaqatala rayonlarında və Şəki şəhərində keçirilib.
Oğuz və Qəbələ rayonlarında icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib
16:35
8 Avq 2019