Müştəri Atayev Eldar Abdulla oğlu tərəfindən "PAŞA Sığorta” ASC-nin Direktorlar Şurasının sədri Fərid Məmmədova pretenziya və şikayət ünvanlanıb.
FED.az xəbər verir ki, bununla bağlı Sığorta Hüquqpozmalarından Müdafiə qrupu facebook sosial şəbəkəsində paylaşım edib.
Paylaşımda qeyd olunur ki, müqavilə şərtlərinə əsasən vətəndaş Atayev Eldar Abdulla oğlunun sahibliyində olan Zaqatala rayonu, Çobankol kəndi ünvanında yerləşən fərdi yaşayış evinin tikililərinə 215.000 (iki yüz on beş min) manat, daşınar əşyalarına isə 28.870 (iyirmi səkkiz min səkkiz yüz yetmiş) manat məbləğində sığorta təminatı (sığorta məbləği müəyyən edilmişdir) verilmişdir.
27.07.2019-cu il tarixində sözügedən fərdi yaşayış evində irimiqyaslı yanğın hadisəsi baş vermişdir. Hadisə zamanı səlahiyyətli dövlət orqanlarına və sığorta şirkətinə dərhal məlumat verilmişdir. Baş vermiş hadisə Fövqəladə Hallar Nazirliyi və “PAŞA Sığorta” ASC tərəfindən təsdiq edilmişdir.
Yanğin hadisəsi ilə bağlı təyin olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26.11.2019-cu il tarixli, 23810 saylı tikinti-texniki rəyinə əsasən Atayev Eldar Abdulla oğlunatikinti üzrə 130.516 (yüz otuz min beş yüz on altı) manat, daşınar əmlak üzrə 32.000 (otuz iki min) manat, ümumilikdə 162.516 (yüz altmış iki min beş yüz on altı) manat nəbləğində zərər dəymişdir.
Lakin “PAŞA Sığorta” ASC üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməyərək qeyd olunan zərər üzrə sığorta ödənişini sığortalıya tam qaydada ödəməmişdir.
Bundan əlavə “PAŞA Sığorta” ASC sığortalı ilə ədalətli rəftar etməmiş, sığorta hadisəsi ilə bağlı zərəri vaxtında və ədalətli qiymətləndirməmiş, sığorta tələbi üzrə sığorta ödənişini mümkün olan ən tez müddət ərzində ödəməmişdir. Bununla bağlı vətəndaş "PAŞA SIğorta" ASC-nin Direktorlar Şurasının sədri Fərid Usad oğlu Məmmədova pretenziya və şikayət ünvanlamışdır.
Qeyd edək ki, "Paşa Sığorta" şirkətinin də mövqeyini dərc etməyə hazırıq.