Azərbaycan Respublikası Maliyyə nazirinin 19 noyabr 2004-cü il tarixli əmri ilə Maliyyə Nazirliyində “Sığorta Şurası” yaradıldı. Şuraya Nazirliyin altı nümayəndəsi və yeddi aparıcı sığorta təşkilatı daxil idi. Sığorta Şurasının yaradılmasında əsas məqsəd sığortanın inkişaf tempinin ölkə iqtisadiyyatının ümumi inkişaf dinamikasına uyğunlaşdırılmasından ibarət idi.
Eləcə də bax: Milli sığortaçılığın 30 ili – MƏQALƏ - 1-Cİ YAZI
“Azərbaycan Respublikasında Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə 2009-cu ilin aprelində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti yaradıldı. Xidmətin yaradılması sığorta sahəsində dövlət tənzimlənməsi və nəzarəti işinin yaxşılaşdırılmasına əlavə şərait yaratdı.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti Təhsil Nazirliyinin Ümumtəhsil Məktəbləri idarəsi ilə müvafiq danışıqlar aparmış və idarə rəhbərliyindən “sığorta”nın bir fənn kimi tədris planına salınmasına razılıq əldə etmişdi. Təəssüf ki, bu razılaşmanı həyata keçirmək mümkün olmadı.
Ümumilikdə isə, sığortada idarəetmənin təkmilləşdirilməsi, hesabatlılığın qabaqcıl standartlarının tətbiq edilməsi, sığortaçıların maliyyə dayanıqlığının gücləndirilməsi istiqamətində işlər davam etdirilirdi. Eyni zamanda sığorta vasitəçiliyi sisteminin sahmana salınması, sığorta sektorunda dövlət tənzimlənməsi və nəzarəti işinin daha da yaxşılaşdırılması məqsədilə müəyyən addımlar atılırdı.
Həyata keçirilən ardıcıl hüquqi-təşkilati tədbirlərin təsiri tezliklə hiss olundu. Belə ki, çox keçmədi, bir sıra təsadüfi, məqsədi-məramı bilinməyən sığorta şirkətləri bazarı tərk etməyə məcbur oldular. Nəzarət orqanının bu istiqamətdə sığortaçılara heç bir kompromisə getməməsi o sadə prinsipə əsaslanırdı ki, “sığortaçının zəruri kapitalı olmalıdır, sığortaçının mənəvi baxımdan iflasa uğramağa haqqı yoxdur, çünki on minlərlə sığortalı öz risklərini ona ötürmüş və onu etibarlı təminatçı kimi qəbul etmişdilər. Müştərilərin qəlbindəki bu inamı öldürmək, əslində sığortanın sonunun bağlanğıcı demək olardı”.
Azərbaycan Respublikasında maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli Fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradıldı. Publik hüquqi şəxsin (Palatanın) yaradılması Azərbaycanda aparılan ümumi sosial-iqtisadi islahatların tərkib hissəsi idi. Bu dəyişiklik bir tərəfdən dövlətin yükünü azaltmalı, digər tərəfdən isə sığorta nəzarəti sahəsində və bütövlükdə ölkənin sığorta sistemində idarəetmənin səmərəliliyini artırmalı və onun optimallaşmasını təmin etməli idi.
Maliyyə Bazarlarına Nəzarət Palatası o zaman təşkil etdiyi “Sığorta həftəsi” ilə daha çox yadda qaldı. Sığorta həftəsi ölkə Prezidentinin 2016-cı il 06 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Maliyyə Xidmətlərinin İnkişafına dair Strateji Yol Xəritəsi” və Nazirlər Kabinetinin 2019-cu il 21 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın icrası məqsədilə 24 iyun 2019-cu il tarixdən etibarən keçirilməyə başlanmışdı. Həftə çərçivəsində MBNP, İSB, ASA və sığortaçıların birgə əməkdaşlığı zəminində bir həftə ərzində ictimai savadlılığın artırılması məqsədilə müxtəlif səpkili maarifləndirici görüş və tədbirlər keçirilmişdi. Eyni zamanda sayca 9-cu olan “Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar” adlı Azərbaycan Beynəlxalq Sığorta Forumu sığorta həftəsinə xüsusi rəng qatmışdı.
Lakin yuxarıdakılara rəğmən, Palatanın menecmenti bütövlükdə sığorta sektorunda yığılıb qalmış çoxsaylı və təxirəsalınmaz vəzifələrin öhdəsindən layiqincə gələ bilmədi. Palata tərəfindən həyata keçirilən bu və ya digər tədbirlər əslində fraqmental və kampaniya xarakteri daşıyırdı. Halbuki onun az kəsim təşkil edən peşəkarları işlərin belə deyil, ardıcıl, sistemli və kompleks şəkildə aparılmalı olduğuna inanırdılar.
Bütün bunların məntiqi nəticəsi isə o oldu ki, Azərbaycan Prezidentinin 29 noyabr 2019-cu il tarixli sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildi. Sərəncama əsasən ləğv edilən Palatanın müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verildi. MBNP-nin ləğv edilərək səlahiyyətlərinin AMB-yə verilməsi ilə əlaqədar bu qurumda 16 yanvar 2020-ci il tarixdə struktur dəyişikliklər həyata keçirilmiş və dəyişikliklər çərçivəsində “Sığorta fəaliyyətinə nəzarət departamenti” yaradılmışdır.
Hörmətli oxucu!
Ölkəmizin özəl sığortaçılıq tarixində nəzarətçi orqanın statusu bu vaxtadək nə az-nə çox, düz 5 dəfə dəyişdirilmişdi. Biz, mərhum Azər Məcidoviçdən (90-cı illərin əvvəllərində həmkarları onu məhz bu cür çağırırdılar, əsil adı isə Azər Məcid oğlu Cəfərov idi) cənab Vüsal Qurbanovadək altı dəfə nəzarət orqanının rəhbərinin dəyişdirilməsinə şahidlik etmişik. Təbiidir ki, hər dəyişiklikdə əsas hədəf sığorta nəzarəti sisteminin iş keyfiyyətini artırmaqdan ibarət idi. İndi sığorta bazarında qarşılaşdığımız mövcud problemlər zaman-zaman öz müsbət həllini tapmaqdadır. Sığorta nəzarəti orqanının hazırkı rəhbərliyinin fəal təşkilatçılığı və iştirakı ilə aparılan ardıcıl və sistemli dəyişikliklər, habelə sığorta bazarında hadisələrə və proseslərə peşəkar yanaşma ən yaxşı dünya təcrübəsinə və ənənələrinə əsaslanır.
Ardı var
Müəllif: Şükür Hüseynov, sığorta eksperti