Azərbaycan Mərkəzi Bankı “Sığorta fəaliyyəti haqqında” qanunun tələbini pozan bəzi sığorta şirkətlərini cəzalandırıb. Belə ki, AMB mühərrik həcmi iki min kub santimetrə (2.0 mator) qədər olan avtomobillərə icbari sığorta polisinin yazılmaması ilə bağlı bəzi sığorta şirkətlərinə təqdimat göndərib.
FED.az etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, AMB tərəfindən göndərilən təqdimatda sığorta şirkətlərinin bu kimi hallara yol verilməməsi, qanunun tələblərinə riayət olunması bildirilib.
Qeyd edək ki, bir müddətdir ki, kiçik mühərrikli avtomobillərin icbari qaydada sığortalanması problemə çevrilib. Hazırda da əksər sığorta şirkətləri qeyri-rəsmi olaraq sözügedən avtomobillərin icbari sığortasından imtina edirlər. Sığorta agentlərinə tapşırılıb ki, mühərrik həcmi iki min kub santimetrə (2.0 mator) qədər olan avtomobillərə icbari sığorta polisi yazılmasın. Hətta şirkətlər əməkdaşlıq etdikləri sığorta agentləri ilə yenilədikləri müqavilələrdə belə bu bəndi əlavə ediblər. Bu tələbə əməl etməyən agentlər isə sığorta şirkətləri tərəfindən cərimə edilir, onlar üçün təyin edilən komissiya verilmir.
İmtina halları daha çox Bakı, Abşeron və Sumqayıt şəhərlərində qeydiyyatda olan kiçik mühərrikli avtomobilləri əhatə edir. Bu avtomobillərin icbari sığortası üzrə agentlərə komissiya da verilmir. Nəticədə, sığorta agenti kiçik mühərrikli avtomobilləri sığortalamaqda maraqlı olmur. Digər tərəfdən, əksər sığorta şirkətləri onlayn qaydada bu avtomobillərin icbari sığortasını bloklayırlar.
Qəzaların 90%-i taksilərlə bağlıdır ki, buna səbəb isə paytaxtda baş verən qəzaların 90%-nin taksi fəaliyyətinə yönəldilən “Toyota Prius”, “Opel Astra”, “Kia Rio” və digər kiçik mühərrikli nəqliyyat vasitələri ilə bağlı olması və şirkətlərin onları zərərli hesab etməsidir.
Məhz sığorta şirkətləri artan zərərə görə avtomobilləri sığortalamaq istəmirlər.
Qeyd edək ki, oktyabrın 1-dən etibarən bəzi sığorta şirkətləri iki min kub santimetrə (2.0 mator) qədər olan avtomobillərin icbari qaydada sığortalanmaması ilə bağlı tətbiq etdiyi məhdudiyyəti aradan qaldıracaq.