FED.az biznes maliyyə portalının ölkədə aktuar mütəxəsisilər üzrə kadr çatışmazlığı sahəsində yaranmış böhranla bağlı “Azərbaycan sığorta bazarında – AKTUAR BÖHRANI – VAKANSİYALAR” başlıqlı araşdırma tipli yazısından sonra Azərbaycan Mərkəzi Bankı (AMB) bu sahədə kadrların hazırlanması istiqamətində hərəkətə keçərək yeni proqrama başlayıb.
Belə ki, AMB sığorta bazarının inkişafı və onun maliyyə dayanıqlılığının gücləndirilməsi, həmçinin bu istiqamətdə əhəmiyyətli rola malik, müasir bilik və bacarıq tələblərinə cavab verən aktuarilərin sayının artırılması məqsədilə beynəlxalq səviyyədə təşkil olunan Aktuari inkişaf proqramına qəbulunu (27 sentyabrdan) açıq elan edib.
Bildirilir ki, Proqrama Universitetlərin Aktuari, Sığorta, İqtisad, Maliyyə, Riyaziyyat, Statistika, Ekonometriya üzrə bakalavr və magistr pilləsinin məzunları olan 35 yaşınadək şəxslər müracət edə bilərlər.
Nəzəri və təcrübə hissələrdən ibarət 4 hissəli proqram 13 ay davam edəcək. Hər mərhələnin sonunda iştirakçıların imtahan verməsi və uğurlu olduqları təqdirdə növbəti mərhələyə keçməsi nəzərdə tutulur. Mərhələləri uğurla başa vurmuş namizədlərin sığorta şirkətlərində təcrübəyə cəlb olunması təmin ediləcəkdir. Proqramı müvəffəqiyətlə tamamlayan namizədlərin sığora şirkətlərində işlə təmin olunma imkanları yüksəkdir.
Dərslər Türk Sığorta Enstitüsü Vakfı (TSEV) və yerli mütəxəssis/ekspertlər tərəfindən onlayn və ənənəvi formada keçiriləcəkdir.
Kursun proqramı:
- Riyaziyyat
- İqtisadiyyat
- Sığortanın əsasları
- Maliyyə riyaziyyatı
- Mühasibatlıq və maliyyə hesabatları
- Sığorta riyaziyyatı
- Həyat və qeyri-həyat
- Risk analizi və aktuari modelləmə
- Maliyyə nəzəriyyəsi və tətbiqlər
- Maliyyə, investisiya və risk idarəetməsi
- Qeyri-həyat sığortaları
- Həyat sığortaları
- Tibbi sığorta
Proqramda iştirak etmək istəyənlər CV-lərini [email protected] elektron ünvanına 31 oktyabr 2022-ci il tarixinədək göndərə bilərlər. E-məktubun Mövzu (Subject) hissəsində Aktuari inkişaf proqramı yazmağınız xahiş olunur. Əlavə məlumat üçün 012 598 3550 nömrəsinə zəng vura bilərsiniz.
Müraciətin son tarixi 31 oktyabr, 2022-ci ildir.
Proqram ödənişsizdir.
Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin əksəriyyətində məsul aktuari vəzifəsi üzrə kadr çatışmazlığı problemi yaşanır.
Bir çox sığorta şirkətləri məsul aktuari və aktuar axtarışındadır. Bu sahə üzrə mütəxəssis böhranı o qədər dərinləşib ki, hətta bəzi sığorta şirkətləri məsul aktuari üçün 3500 manat əmək haqqı təklif edir. Artıq bir neçə gündən sonra sığorta şirkətləri Mərkəzi Banka 3-cü rübün hesbatlarını təqdim etməlidir. Hələ də bəzi sığorta şirkətlərində məsul aktuari işçisi yoxdur. Vaxt daraldıqca sığorta şirkətlərinin aktuar mütəxəssislərə təklif etdiyi əmək haqqı məbləğinin həcmi günbə-gün artır.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı sığorta şirkətlərinin dövrü hesabatlarını birbaşa məsul aktuarinin imzası (əlavə olaraq şirkətin sədri və baş mühasibi də imzalayır) ilə qəbul edir. Sığorta şirkətində məsul aktuari olmadığı halda Mərkəzi Bank tərəfindən sığorta şirkətinə təqdimat göndərilir.
Xatırladaq ki, AKTUARİ - Sığorta müqavilələri ilə əlaqəli statistik maliyyə göstəriciləri əsasında iqtisadi-riyazi metodlarla sığorta tariflərini və sığorta ehtiyatlarını hesablayan riyaziyyatçıdır.
Aktuari sığorta tatiflərini və sığorta ehtiyatlarını hesablayır, ölüm və başqa ehtimallara əsaslanan modellər qurur.