Azərbaycan sığorta bazarının iştirakçılarından olan “Meqa Sığorta” şirkəti yığımların həcminin azalması faktına aydlıq gətirib.
Şirkətdən FED.az-a bildirilib ki, cari ilin yanvar-may ayı ərzində sığorta yığımlarında yaranan cüzi azalma fərqi bəzi layihələrin (müqavilələrin) vaxtının bitməsi ilə bağlı olub.
Qeyd edək ki, 2017-ci ildən başlayaraq şirkətin sığorta haqlarında azalma tendensiyası cari ilin yanvar-may aylarınadək davam edib. Lakin cari ilin yanvar-iyun ayı üzrə təcili məlumatlar əsasında hazırlanmış hesabata əsasən şirkətin yığımlarında artım qeydə alınıb. Belə ki, ilin birinci yarısında şirkətin yığımları 2,3% artaraq 13,4 mln. manata, sığorta ödənişləri isə 2,2 mln. manat təşkil edib.
Qeyd edək ki, “Meqa Sığorta” 2010-cu ildə təsis edilib. Şirkət peşəkar yanaşma, yüksək etibarlılıq, xidmətlərin keyfiyyəti, fərdi və korporativ müştərilərə təklif olunan geniş çeşidli sığorta məhsulları, həmçinin, qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi nəticəsində Azərbaycan sığorta bazarının iştirakçılarından biridir.
Şirkət müştəri sorğularının operativ cavablandırılması məqsədi ilə Bakı ofisləri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində filial və nümayəndəlik şəbəkəsi mövcuddur.
Hazırda şirkət 20-dən çox satış nöqtəsi vasitəsi ilə 30 könüllü və 3 icbari sığorta növü üzrə müştərilərə xidmət göstərir.