Müştərilərə göstərilən xidmət səviyyəsinin daha da artırılması, eləcə də yeni sığorta agentlərinin hazırlanması və peşəkarlığının yüksəldilməsi məqsədi ilə “Meqa Sığorta” və “Meqa Həyat” şirkətlərinin birgə Mərkəz filialı fəaliyyətə başlayıb.
FED.az xəbər verir ki, müasir tələblərə tam cavab verən filial həm həyat və qeyri-həyat sığorta məhsulları üzrə fərdi və korporativ müştərilərə xidmət göstərəcək, həm də sığorta agenti peşəsinə yiyələnmək istəyən şəxslərə təlimlərin keçirilməsi və onların peşəkar kadr kimi inkişaf etdirilməsi üçün fəaliyyət göstərəcək. Yeni filial sığorta məhsullarının əlçatanlığını təmin etmək, keyfiyyətli xidmət göstərmək, eləcə də təlimlərin keçirilməsi üçün bütün zəruri şərait və imkanlarla təmin olunub.
Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 35 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət Bakı və Azərbaycanın müxtəlif regionlarında 16 filial və nümayəndəlik şəbəkəsi, *8778 Çağrı Mərkəzi və https://meqasigorta.az/online onlayn satış platforması ilə müştərilərin xidmətindədir. Şirkət sığorta yığımlarının, sığorta ödənişlərinin və məcmu kapitalının həcminə görə sığorta bazarının lider şirkətlərindən biridir.
Nizamnamə kapitalı 11 mln. manat olan “Meqa Həyat Sığorta” ASC 19.02.2021-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş həyat sığortası xidmətləri göstərməyə icazə verən lisenziya əsasında fəaliyyət göstərir. Şirkət İcbari Sığorta Bürosunun üzvü və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçısıdır.
Qeyd edək ki, Meqa Sığorta və Meqa Həyat şirkətlərinin Mərkəz filialı Çinar Park Biznes Mərkəzi - Ziya Bünyadov prospekti 1905 ünvanında fəaliyyət göstərəcək.