28 fevral tarixində Azərbaycan İnsan Resursları İnstitutunun təşkilatçılığı və “Meqa Sığorta” ASC və “Meqa Həyat Sığorta” ASC-nin sponsorluğu ilə Bakıda ilk genişmiqyaslı “World HR Summit 2024” (Dünya İnsan Resursları Sammiti 2024) tədbiri keçirilib. Möhtəşəm tədbirdə yerli və xarici ölkələrdən olan peşəkar insan resursları mütəxəssisləri iştirak ediblər.
FED.az xəbər verir ki, sammitdə “World HR Summit 2024” Təşkilat Komitəsinin sədri - müasir insan resurslarının atası adlandırılan dünyaca məşhur Deyv Ulrix iştirak edib.
Dünya İnsan Resursları Sammiti tədbirində insan resurslarının idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi məsələləri və bu sahədə innovasiyaların və yüksək texnologiyaların yayılması barədə müzakirələr, peşəkar mütəxəssislər arasında təcrübə mübadiləsi aparılıb.
Ölkəmizdə insan resurslarının inkişafını və istedadların cəlb olunmasını qarşısına hədəf qoymuş Meqa Sığorta və Meqa Həyat Sığorta şirkətlərinin tədbirə tərəfdaşlıq dəstəyi dayanıqlı inkişaf məqsədlərinə töhfədir.