1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Meqa Sığorta” ASC və “Meqa Həyat Sığorta” ASC-nin təşəbbüsü, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin dəstəyi ilə Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində xüsusi xeyriyyə tədbiri təşkil olunub.
FED.az xəbər verir ki, tədbir aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan ailələrdən olan uşaqlar, həmçinin fiziki məhdudiyyətli azyaşlılar üçün nəzərdə tutulub. Uşaqlara unudulmaz gün yaşatmaq məqsədilə musiqili-əyləncəli proqram təqdim olunub, çay süfrəsi təşkil edilib və onlara müxtəlif maraqlı hədiyyələr təqdim olunub.
“Meqa Sığorta” Qrupu tərəfindən reallaşdırılan bu tədbir, şirkətlərin uzunmüddətli korporativ sosial məsuliyyət strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Şirkətlər indiyədək uşaqların və yeniyetmələrin inkişafı, təhsili və sağlam həyat tərzinin təşviqi istiqamətində bir sıra layihələr həyata keçiriblər.
Uşaqların sosial inteqrasiyasına və rifahının yüksəldilməsinə yönəlmiş bu kimi təşəbbüslər ardıcıl şəkildə davam etdirilir.