“Meqa Sığorta” ASC nizamnamə kapitalını 8,5 milyon manat və yaxud 58,6% artıraraq 14,5 milyon manatdan 23 milyon manata çatdıracaq.
Bu barədə FED.az "Report"a istinadən xəbər verir.
Məlumatda həmçinin deyilir ki, kapital artımı ilə bağlı qərar “Meqa Sığorta”nın səhmdarlarının iyunun 11-də keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib. Qərara əsasən, dövriyyəyə hər birinin nominal dəyəri 5 min manat olan 1 700 yeni səhm buraxılacaq. Qiymətli kağızları şirkətin mövcüd səhmdarları, paylarına uyğun şəkildə əldə edəcəklər. Yəni, səhmdarların pay bölgüsü dəyişməyəcək.
Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Şirkətin səhmdarları hər biri 19% payla Fərəh Məmmədova (“Atabank” ASC ilə birləşmiş “Caspian Development Bank” ASC-nin Müşahidə Şurasının sədri), Rauf Əliyev (“Rabitəbank” ASC-nin 30%-lik səhmdarı), Nəzakət İsmayılova və Zaur Quliyev, 14% payla Yaşar Qurbanov (“Meqa Sığorta”nın Direktorlar Şurasının sədri) və 10% payla Zeynal Əliyevdir.