"Meqa Sığorta" ASC 30 sentyabr 2025-ci il tarixinə olan maliyyə nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, hesabat dövründə şirkətin cəmi gəlirləri 25 milyon 927 min manat təşkil edib.
Gəlirlərin əsas hissəsi əsas əməliyyat gəlirlərindən formalaşıb və bu göstərici 25 milyon 722 min manat olub.
Bu dövrdə şirkətin investisiya gəlirləri 2 milyon 065 min manat olub. Xalis sığorta ehtiyatlarının dəyişməsi isə şirkətə 2 milyon 462 min manata başa gəlib. Digər gəlirlər isə 601 min manat təşkil edib.
Hesabat dövründə "Meqa Sığorta"nın cəmi xərcləri 22 milyon 176 min manat olub. Bu məbləğin 13,5 milyon manatı əsas əməliyyat xərclərinin, 8,6 milyon manatı işlərin aparılması xərclərinin, 47 min manatı isə digər xərclərin payına düşüb.
Hesabat dövrünün sonuna, yəni 2025-ci ilin ilk 9 ayının nəticələrinə görə, "Meqa Sığorta"nın maliyyə mənfəəti 3 milyon 751 min manat təşkil edib. Şirkət bundan 746 min manat mənfəət vergisi ödəyib, nəticədə xalis mənfəəti 3 milyon 5 min manat olub.
Sığorta yığımları və ödənişləri
FED.az xəbər verir ki, 2025-ci ilin ilk 9 ayında "Meqa Sığorta"nın sığorta haqları 25,7 milyon manat, sığorta ödənişləri isə 11,8 milyon manat təşkil edib.
Bu dövrdə "Meqa Sığorta" şəxsi sığorta sahəsi bütünlüklə tibbi sığortadan ibarət olub. Belə ki, şirkət tibbi sığorta üzrə 3,9 milyon manat sığorta haqqı toplayıb, sığorta ödənişləri isə 1,9 milyon manat sığorta ödənişi edib.
Əmlak sığortası sahəsində "Meqa Sığorta"nın cəmi sığorta haqları 6 milyon 760 min manat, sığorta ödənişləri isə 2 milyon manat olub.
Əmlakın yanğın və digər risklərdən sığortası üzrə sığorta haqları 2,5 milyon manat, ödənişlər isə 56 min manat olub. Avtonəqliyyat vasitələrinin sığortası üzrə sığorta haqları 4,3 milyon manat, ödənişlər isə 1,9 milyon manat təşkil edib.
"Meqa Sığorta"nın əsas sığorta yığımları və ödənişləri mülki məsuliyyət sığortası üzrədir. Şirkət mülki məsuliyyət sığortası üzrə 11,7 milyon manat sığorta haqqı toplayıb, 7,8 milyon manat sığorta ödənişi edib. Bu məbləğ bütövlükdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə formalaşıb.
Digər sığorta sinifləri üzrə 3,3 milyon manat sığorta haqqı, 66 min manat isə sığorta ödənişi qeydə alınıb.
"Meqa Sığorta"nın investisiya potfeli - istiqraz, səhmlər və depozitlər
FED.az xəbər verir ki, 2025-ci ilin ilk 9 ayında şirkətin investisiya portfeli 44,1 milyon manat olub. Bunun 21,2 milyon manatı istiqrazlardan, o cümlədən 14,9 milyon manat dövlət istiqrazlarından, 6,3 milyon manat isə qeyri-dövlət istiqrazlarından ibarətdir.
Bundan başqa, şirkət səhmlərə 14,5 milyon manat, depozitlərə isə 8,5 milyon manat yatırıb.
Aktiv, öhdəlik və kapital
2025-ci ilin ilk 9 ayının sonuna "Meqa Sığorta"nın cəmi aktivləri 57,1 milyon manat, öhdəlikləri 27,4 milyon manat olub. Şirkətin cəmi kapitalı isə 29,7 milyon manat təşkil edib. Bunun 23 milyon manatı nizamnamə kapitalı, 6,7 milyon manatı bölüşdürülməmiş mənfəətdir.












