Ölkənin tanınmış həyat sığortası şirkətlərindən olan “Meqa Həyat Sığorta” ASC ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə 5 aprel tarixində tələbələr üçün “Həyat Sığortası” mövzusunda informasiya sessiyası keçirilmişdir.
FED.az xəbər verir ki, tələbələrə həyat sığortası məhsulları, sığorta şirkətində karyera imkanları, eləcə də Həyatın Yaşam Sığortası və sığorta şirkətlərinin investisiya fəaliyyəti barədə məlumat verilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmış və fərqlənən tələbələrə stimullaşdırıcı hədiyyələr təqdim olunmuşdur.
Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov və Meqa Həyat Sığortanın İdarə Heyətinin sədri Uğur İbrahimli arasında imzalanan memorandum universitet və sığorta şirkəti arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutur. Memorandum UNEC və Meqa Həyat Sığorta arasında əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini təmin etməklə risklərin idarə edilməsi və sığorta işi sahəsində tədbirlərin təşkil edilməsinə, UNEC tələbələrinin bilik və bacarıqlarının davamlı inkişafının təmin edilməsi ilə bağlı layihələrin birgə icrasına, eləcə də təlim və seminarların təşkil edilməsinə yönəlmişdir.