Azərbaycan həyat sığortası bazarında aktivliyi və innovativliyi ilə seçilən “Meqa Həyat Sığorta” şirkəti cari ilin yanvar-aprel ayları üzrə uğurlu fəaliyyətinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, ötən il ümumilikdə şirkətin peşəkar satış komandası tərəfindən 2 milyon 717 min manat həcmində sığorta haqqı toplanılıb.
Sığorta şirkətinin yığımları son bir illə müqayisədə 1 milyon 493 min manat, başqa sözlə 2,2 dəfə artıb.
Əvvəlki ilin eyni dövründə “Meqa Həyat Sığorta” ASC-nin yığımları 1 milyon 224 min manat olub.
Onu da qeyd edək ki, “Meqa Həyat Sığorta” şirkəti yığımların artım dinamikasına görə ölkədə fəaliyyət göstərən sığorta şirkətləri sırasında liderlik mövqeyi nümayiş etdirib.
Hesabat dövründə şirkət müştərilərinə 50 min manat sığorta ödənişi edib. Ötən ilin yanvar-aprel aylarında sığorta ödənişləri cəmi 3 min manat olub.
“Meqa Həyat Sığorta” şirkətinin bu ilin ilk dörd ayında zərərliliyi cəmi 2% olub və bu göstəriciyə görə sığorta şirkətləri arasında sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, “Meqa Həyat Sığorta” ASC 2021-ci ildə 11.000.000 manat nizamnamə kapitalı ilə təsis edilib. Şirkət İcbari Sığorta Bürosunun üzvü və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçısıdır. “Meqa Həyat Sığorta” müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”, “İnvestisiya və yığım elementli Həyatın Yaşam Sığortası”, “İpoteka krediti / İstehlak krediti götürən şəxslərin həyat sığortası”, “Kritik xəstəliklərdən sığorta” və digər fərdi və korporativ həyat sığortası məhsulları təklif edir.