Azərbaycan sığorta bazarının ən dinamik inkişaf edən sığorta şirkəti olan “Meqa Həyat” sığorta şirkəti ISO beynəlxalq standartları çərçivəsində “Keyfiyyət idarəetmə Sistemi” və “Müştəri məmnuniyyəti idarəetmə Sistemi” üzrə sertifikatlaşmadan uğurla keçərək “ISO 9001:2015” və “ISO 10002:2018” sertifikatlarını əldə etdi.
Qeyd edək ki, şirkətin beynəlxalq standartlara uyğun auditini və sertifikatlaşmasını İsveçrənin SGS şirkəti həyata keçirib.
Beynəlxalq standartlara uyğun auditin uğurla yekunlaşması və İSO sertifikatlarının əldə edilməsi “Meqa Həyat Sığorta” ASC-nin fəaliyyətinin 3-cü illiyinə təsadüf etməsi şirkətin yüksək keyfiyyət standartlarına və müştəri məmnuniyyətinə sadiqliyini bir daha təsdiq edir.
Əldə olunan hər iki sertifikat Şirkətin fəaliyyətinin şəffaflığını, keyfiyyətin idarəetmə sisteminin effektiv təşkil edildiyini və beynəlxalq standartlara uyğunluğunu təsdiq edir. Bununla yanaşı şirkətin əməkdaşlarının peşəkarlığını, sürətli inkişafı təmin etməyə yönəlmiş strategiyasını, yüksək müştəri loyallığını, aparılan işlər üzrə planlaşdırma və proqnozlaşdırmanın mövcudluğunu və digər işlərin standartlara uyğun təşkil edildiyini özündə əks etdirir.
Xatırladaq ki, 2021-ci ildə 11.000.000 manat nizamnamə kapitalı ilə təsis edilən “Meqa Həyat Sığorta” ASC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş həyat sığortası üzrə sığorta xidmətləri göstərməyə icazə verən lisenziya əsasında fəaliyyət göstərir. Şirkət İcbari Sığorta Bürosunun üzvü və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçısıdır.