Aqrar Sığorta Fondunun nümayəndələri ölkənin ən böyük heyvandarlıq rayonlarından olan İmişlidə fermer və təsərrüfatlarla görüşlər keçirib.
FED.az xəbər verir ki, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta çərçivəsində əkin sahələri ilə yanaşı, kənd təsərrüfatı heyvanlarını da sığortalamaq mümkündür. Bu zaman heyvanların sığorta haqqının yarısını dövlət ödəyir.
Heyvanların sığortası, onun əhatə etdiyi risklər, sığorta şərtləri və sığorta haqları barədə əhalini məlumatlandırmaq üçün İmişli rayonunda görüşlər keçirilib.
Rayonun Murquzalılı və Qaralar kəndlərindəki təsərrüfatlarda, eləcə də İmişli Rayon İcra Hakimiyyətində keçirilən görüşlərdə fermer və təsərrüfat sahiblərinə aqrar sığorta haqqında geniş məlumat verilib.
Bildirilib ki, aqrar sığorta vasitəsilə südlük və ətlik mal-qara, eləcə də qoyun və keçi təsərrüfatlarını sığortalamaq mümkündür. Sığorta heyvanları çoxsaylı risklərdən, o cümlədən təbii fəlakətlər, yanğın, yoluxucu xəstəliklər, zəhərlənmə, 3-cü şəxsin hərəkəti kimi risklərdən qoruyur.
İmişli rayon İcra hakimiyyəti başçısının müavini Ruslan Məmmədov, rayonun güclü iqtisadiyyatı, burada kənd təsərrüfatının rolu, İmişlidəki heyvanlarlıq və bitkiçilik təsərrüfatları barədə geniş məlumat verib. İcra başçısının müavini bildirib ki, İmişli heyvandarlıq baxımından ölkənin ən böyük rayonlarından biridir. Burada 240 min xırdabuynuzlu, 180 min iri buynuzlu heyvan var, bu təsərrüfatların müxtəlif risklərdən qorunması üçün onların sığortalanması vacibdir.
Tədbirdə qeyd edilib ki, Aqrar Sığorta Fondunun idarə heyətinin qərarı ilə heyvanların sığorta tarifləri azaldılaraq 5,2-8,2%-ə endirilib. Digər tərəfdən sığorta haqqının yarısını dövlət ödəyir. Nəticədə 1000 manatlıq mal-qaranın sığortalanması fermerlərə cəmi 26-41 manata, qiyməti 300 manat olan qoyunların sığortası isə cəmi 8-12 manata başa gəlir.
Heyvanların aqrar sığortası fermerlərin böyük marağına səbəb olub, onlar sığortanın əhatə etdiyi risklər, sığorta haqları, ödəniş prosesi barədə çoxsaylı suallar verib, eləcə heyvan sığortası ilə bağlı yeni təkliflər səsləndiriblər.
Fermerlərin sualları ətraflı cavablandırılıb, eləcə də qeyd edilib ki, hazırda heyvnaların sığortası üzrə risklərin genişləndirilməsi üçün işlər aparılır.