Milli Məclisdə “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişikliklər müzakirə edilir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən FED.az-a bildirilir ki, təkliflərə əsasən, 2020-ci ilin yanvar ayının 1-dən dövlət tərəfindən bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqının ayrılması nəzərdə tutulur.
Eləcə də bax: İşçi və işəgötürənlərdən 458 milyon manat toplanılması - NƏZƏRDƏ TUTULUR
Həmçinin dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının ödənilməsi müəyyənləşdirilib.
"Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışanlar neft-qaz sahəsində fəaliyyəti göstərənlərdən və dövlət sektorunda işləyənlərdən daha az sığorta haqqı ödəyəcəklər. Bunun izahını versək deyə bilərik ki, qeyri-neft sektorundakı işə götürən işçinin əməkhaqqının 8000 manata qədər olan hissəsi üçün 1 faiz, 8000 manatdan yuxarı olan hissəsindən isə 0,5 faiz sığortahaqqı ödəyəcək. Vətəndaş bu sığorta haqqını ödəməklə xidmətlər zərfindəki 3000-dən çox diaqnoz üzrə xidmətdən istifadə imkanı qazanacaq",- İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn bildirib.