Ölkənin ən iri həyat sığorta şirkəti olan “PAŞA Həyat” ASC 2017-ci ilin audit olunmuş, MHBS-ya uyğun hazırlanmış maliyyə hesabatlarını ictimaiyyətə açıqlayıb.
Şirkətin Baş Maliyyə İnzibatçısı Dilarə Babayevanın sözlərinə görə, “PAŞA Həyat” –ın hesabat ilindəki xalis mənfəəti 17.33 mln. AZN (2016-cı ilin nəticələri ilə müqayisədə 36,5% artım) təşkil etmişdir.
O cümlədən, 31 dekabr 2017-ci il tarixə olan hesabatına əsasən məcmu aktivlərin həcmi 218.23 mln AZN təşkil etmişdir. Bu göstəriciyə görə hazırda Azərbaycanın ən iri sığorta şirkəti statusuna yiyələnən “PAŞA Həyat” aktivlərinin həcmini son 1 il ərzində 40%-dən çox artırmışdır.
Hesabata əsasən 2017-ci ilin sonuna şirkətin məcmu kapitalı 58.19 mln. AZN (+7,5%), məcmu öhdəlikləri 160.04 mln. AZN (+58%) təşkil etmişdir.
Ötən il ərzində şirkət 151.12 mln. AZN xalis sığorta premiyası toplamaqla bu göstəricini 2016-cı illə müqayisədə 2 dəfə üstələmişdir. Eyni zamanda, bu dövr ərzində “PAŞA Həyat” ASC tərəfindən müştərilərə 58 mln. AZN sığorta ödənişi edilməklə daha bir tarixi rekorda imza atılmışdır.
Şirkətin 2017-ci ilin nəticələrinə dair Maliyyə hesabatının tam versiyası ilə www.pasha-life.az saytında tanış ola bilərsiniz.
“PAŞA Həyat” şirkəti 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. 31 dekabr 2017-ci il tarixinə şirkətin Nizamnamə kapitalı 40,250 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “Həyatın müddətli sığortası”, “İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “Yığım tərkibli yaşam sığortası”, “Ailəmin PAŞA Güvənliyi” və digər adlı fərdi və korporativ həyat sığortası məhsullarını təklif edir.