“AtaSığorta”ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev 2017-ci ildə şirkətin mənfəətinin aşağı düşməsini şərh edib.
FED.az xəbər verir ki, mənfəət kəskin azalmayıb və azalma investisiya xərclərinin və ödənişlərin artması ilə bağlıdır:
“Ötən il “AtaSığorta” satış şəbəkəsini genişləndirib, işçilərin sayı artıb. Şəbəkənin qurulması müyyən investisiyalar tələb edir. Həmçinin, 2016-cı ilə nisbətən 2017-də sığorta ödənişlərimiz kəskin artıb. Həm investisiyaların artması, həm də ödənişlərin artması mənfəətliliyə təsir göstərib. Biz çəkdiyimiz xərcərin 2018-ci və növbəti illərdə mənfəətimizi artıracağını gözləyirik. 2018-ci ildə ən azı 1,5 milyon manat xalis mənfəət gözləyirik”.
Müseyib Əliyev əlavə etdi ki, ötən il 13 milyon 856 manat təşkil etmiş toplanmış sığorta haqlarının bu il 14-14,5 milyon manat civarında olacağı gözlənilir.
Xəbər verdiyimiz kimi, “AtaSığorta” ASC 2017-ci ili 955 min 745 manat xalis mənfəətlə başa vurub. 2016-cı illə müqayisədə şirkətin qazancı 25% azalıb. “AtaSığorta” 2016-cı ildə 1 milyon 278 min manat, 2016-ci ildə isə 1 milyon 238 min manat xalis mənfəət əldə etmişdi.
Sığorta ödənişləri 3 milyon 543 min manatdan 5 milyon 25 min manata yüksəlib.