Xəbər verildiyi kimi azərbaycanlı iş adamı Elxan Qəribli Fransanın “AXA” Sığorta Qrupunun Azərbaycandakı törəməsi “AXA MBASK” Sığorta Şirkəti ASC-nin 100% səhmlərini əldə edəcək. FED.az-a sığorta dairələrindən verilən məlumata görə, əslində bu alqı-satqı “AXA” brendinin Azərbaycanı tərk etməsi ilə nəticələnəcək. Belə ki, alqı-satqının sonunda şirkət «AXA» brendi altında deyil, çox güman ki, «Mbask» brendi ilə fəaliyyət göstərəcək. Alqı-satqı və şirkətin rəhbər menecmentinin dəyişməsi prosesinin təqribən 3-4 ay çəkəcəyi bildirilir.
Məsələnin ən maraqlı tərəfi «AXA Mbask»ın ölkənin sığorta bazarını tərk etməsinin səbəbləridir. Məsələ bundadır ki, bir qədər əvvəl «AXA Mbask» kapitalını artırmışdı və ölkədən getmək barədə düşünmürdü.
FED.az-a verilən məlumata görə, şirkət rəhbərliyi səhmləri satmaq (yəni sadə desək, Azərbaycan bazarını tərk etmək) barədə qərarı AXA-nın nümayəndələrinin Bakıda keçirdiyi görüşlərdən sonra verib. Bu görüşlərdə şirkətin fəaliyyəti, gələcək planları və iş prinsipləri müzakirə obyekti olub. Amma görünür görüşün nəticələri şirkəti qane etmədiyinə görə, AXA bazarı tərk etmək qərarına gəlib.
Eləcə də bax: Elxan Qəribli "AXA MBASK"ı alır
Qeyd edək ki, «AXA Mbask»ın tənzimləyici qurumlarla münasibətləri o qədər də yaxşı deyildi. Bir neçə ay bundan əvvəl - 27.09.2017-31.10.2017 aralığında Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) şirkətdə yoxlama aparıb. Həmin vaxt Palatanın yaydığı məlumatda bildirilirdi ki, aparılmış yoxlama nəticəsində nöqsanlar aşkar edilib və onların aradan qaldırılması məqsədilə “Sığorta fəaliyyəti haqqında” Qanununun 102-ci maddəsinə əsasən Cəmiyyətə icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş-Təqdimat verilib. Bir neçə ay əvvəl isə Vergilər Nazirliyi «AXA Mbask»ın hesablarına həbs qoymuşdu.
Şirkətə qarşı əsas iradlar sığorta agentləri ilə iş prinsipi – daha dəqiqi onlara ödənilən komissiyanın məbləği, sığorta hadisələrinin araşdırılması və sair idi.
Xatırladaq ki, «AXA» şirkəti dünyanın sığorta bazarının lideridir, şirkətin adı isə artıq bir neçə ildir ki, dünyanın bir nömrəli sığorta brendi sayılır. Bir neçə il əvvəl şirkət Azərbaycanda fəaliyətini daha da genişləndirmək, hətta həyat sığortası şirkəti yaratmaq niyyətində idi. Amma sonradan bu baş tutmadı. Belə yüksək reytinqə və nüfuza malik olan şirkətin ölkənin maliyyə sektorunu tərk etməsi Azərbaycan üçün olduqca mənfi siqnaldır.Bununla yanaşı, qeyd edək ki, son bir neçə ay ərzində AXA şirkətinin yeni rəhbərliyi yeni siyasət yürütməyə başlayıb.Bu yanaşmaya görə, şirkət o qədər də böyük olmayan bazarlardan (ölkələrdən) çıxaraq daha iri bazarlara fokuslanır. Bu siyasətin nəticəsi olaraq AXA artıq Sinrapur, Rumıniya və Serbiya kimi ölkələri tərk edib.