Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) pandemiyanın dünya iqtisadiyyatına və sığorta sektoruna təsirinə dair proqnozları təqdim edib.
Eləcə də bax: Sığorta sahəsində maraqlı – YENİLİKLƏR BAŞLAYIR
FED.az xəbər verir ki, açıqlamada deyilir:
Ötən ilin dekabr ayında ilk dəfə Çində özünü göstərən və COVİD-19 pandemiyası adını alan virus hal – hazırda bütün dünyada yayılmışdır. Virusun mövcudluğu yalnız insanların həyatı üçün təhlükə yaratmadı, eyni zamanda ölkələrin iqtisadiyyatına da öz mənfi təsirini göstərdi. Qlobal iqtisadiyyata yaranan vəziyyətdən və hadisələrin sayından daha çox koronavirusdan qorxan insanların fəaliyyəti təsir göstərdi. Beləki, virus qlobal iqtisadiyyatda tələb və təklifin dinamikasının dəyişməsinə səbəb oldu. Bir çox məhsullara olan tələbdə artım müşahidə edildiyi halda, bəzilərində isə kəskin azalma dinamikası özünü göstərdi. Təklifin azalmasına səbəb olan əsas faktorlardan biri dünənə kimi istehsalın 25%- ni qarşılayan və tədarük zəncirinin ən mühüm halqası olan Çində istehsalın dayandırılması oldu.
Pandemiyanın yaratdığı vəziyyət bütün ölkələrin iqtisadiyyatına xüsusilə də Avropanın cənubuna (ABŞ-dan sonra) daha çox mənfi təsir göstərdi.
Ekspertlərin fikirlərinə görə Almaniya bu müddət ərzində itirdiyi məbləği maşın ixracatını və qiymətləri artırmaqla kompensasiya edə biləcəyi halda, iqtisadiyatının böyük bir hissəsini turizm təşkil edən İspaniya və İtaliya üçün isə həmin məbləğ geri qaytarılmayacaq şəkildə itirilmişdir.
İtaliya iqtisadiyyatında isə mövcud vəziyyət əslində illərdir ki, davam edirdi. Böhrandan əvvəl işsizlik nisbəti 9,8% idi. Dövlət borcunun çox olması, ÜDM-in 138% olması vəziyyəti daha da ağırlaşdırır. İtaliya İqtisadiyyat Nazirliyi il ərzində ÜDM-in daha 6% azalacağını proqnozlaşdırır.
Eyni vəziyyət işləməyən hava limanlarına və göstərilməyən xidmətlərə də aiddir (restoran, istirahət məkanları və s). AB-nin xidmətlər sektorunda əhalinin 73% -i işləyir ki, bu ÜDM-in 62% -ni təşkil edir. Buna görə, sərt karantin nə qədər davam edərsə, tənəzzül bir o qədər dərin ola bilər. Bugünə qədər Avropa Komissiyasının proqnozlarına əsasən, 2020-ci ildə Avropa İttifaqının ÜDM-də gözlənilən artım əvəzinə 1% azalma olacaq, lakin bu bir qədər nikbin proqnozdur.
İnkişaf etmiş iqtisadiyyata malik olan ölkələrdə iqtisadiyyatın böyümə proqnozunun 1.3%-dən 1%-ə, ABŞ-da 1.7%-dən 1.5%-ə, Yaponyada 0.3%-dən 0-a, Almaniyada 1%-dən 0.3%-ə, İngiltərədə 1%-dən 0.9%-ə, Fransa 1.3%-dən 1.1%-ə, İtaliyada isə 0.5%-dən mənfi 0.5%-ə , Rusiyada 1.5%-dən 1.3%-ə, Türkiyədə 2.5%-ə endiyi bildirilir.
Hal – hazırda bütün hökümətlərin əsas hədəfi insanların həyatlarını xilas etməklə iqtisadiyyatda qənaət etmək arasındakı tarazlığın tapılmasıdır. Ümumi hesablamalara görə 2020-ci ildə dünya üzrə ÜDM – də 6% - 15% arasında bir azalma proqnozlaşdırılır. Davam edən karantin vəziyyəti ölkələrin iqtisadiyyatının dörddə bir hissəsinin itkisi deməkdir.
Epidemiya ən çox turizm sektoru və otellərə mənfi təsir göstərdi, bu sahələrdə itki demək olar ki, 90% hətta 100% ilə nəticələndi.
Dünya sığorta bazarında COVİD-19 epidemiyası
Ölkələrarası sərhədlərin bağlanması, ticarət və turizm əlaqələrinin kəsilməsi böyük həcmdə pul vəsaitinin itirilməsi ilə nəticələndi. Təbii ki, pandemiya maliyyə bazarının tərkib hissəsi olan sığorta bazarına da təsirsiz ötüşmədi. Düzdür, sığorta şirkətləri yaranmış vəziyyətdə maliyyə sabitliyini qoruyub saxlamaq və bu dövrü minimum zərərlə başa vurmaq üçün müxtəlif tədbirlər həyata keçirirlər. Buna baxmayaraq müxtəlif növ sığorta məhslulları üzrə fərqli hərəkət dinamikaları müşahidə olundu. Sığorta məhsullarının bir hissəsinin satışında sürətli templə azalma görüldüyü halda, bəzi məhsullarda çox az dəyişiklik baş verdi.
Koronavirus infeksiyası ekspertlər tərəfindən sığorta bazarı barədə 2020-ci il üzrə verilən proqnozların məcburi şəkildə dəyişdirilməsinə səbəb oldu . Əgər ekspertlərə görə cari il üçün dünya sığorta bazarında 6-7%-lik bir artım gözlənilirdisə (həyat sığortası istisna olmaqla), indiki vəziyyətdə nəinki sığorta bazarında, həmçinin dünya bazarında da azalma müşahidə oluna bilər. Bu azalma daha böyük iqtisadiyyata və əhaliyə malik olan ölklərdə özünü daha qabarıq şəkildə biruzə verə bilər.
Eyni zamanda dünya sığorta bazarına və ekspertlərin analizlərinə nəzər salsaq görərik ki, COVİD-19 epidemiyası icbari sığorta məhsullarına nisbətən daha çox könüllü sığorta məhsulları bazarına mənfi təsir edə bilər.
Bütün dünyada koronavirus infeksiyasının yayılmasına qarşı həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində insanların evdə qalması və fəaliyətlərinə evlərində davam etməsi üçün müxtəlif addımlar atılır. Belə bir vəziyyətdə sığorta sektorunda çalışan əməkdaşların işlərinə evlərindən davam etməsi və mərkəzi ofislərin bağlı olması sığorta şirkətlərinin fəaliyyətlərinin elektronlaşdırılmasına və vətəndaşlarla “face-to-face” əlaqələrinin nisbətən azalmasına gətirib çıxardacaq. Türkiyə Sığorta Birliyinin (TSB) rəhbəri Atilla Benli verdiyi müsahibədə bildirib ki, şirkətlərin fəaliyyətlərinə evlərindən davam etməsi korporativ müştərilər üçün təqdim edilən və dünya ölkələrində geniş istifadə edilən Kiber Təhlükəsizlik Sığortasına olan təlabatın artmasına gətirib çıxaracaq. Eyni zamanda iqtisadiyyatın yavaşlaması və istehlak xərclərinin azalması kredit sığortasına olan tələbin də artmasına səbəb ola bilər. Nəticədə artan tələbatın şirkətlərə təsiri bir o qədər böyük olacaqdır.
Rusiya Sığortaçılar Birliyinin prezidenti İqor Yurgensin fikirlərinə görə sığorta bazarının iştirakçıları pandemiyadan birbaşa zərər görməyəcəklər, lakin dolayı təsirlər qaçılmazdır. Məhz bu səbəbdən bəzi ərazilərdə satışların düşməsi ilə dolayı itkilər 50% - i keçib.
Rus ekspertlərin fikrincə - Bu ssenarinin inkişafı ilə icbari fərdi qəza və xəstəlik hallarından sığorta ən həssas seqment olacaq – bu sahədə 25% azalma müşahidə oluna bilər. Könüllü tibbi sığorta, əmlak sığortası və həyat sığortasında haqlar daha 20% azalacaq. Avtomobillərin icbari sığortası üzrə rəqəmlərdə isə kəskin dəyişmə müşahidə edilməyəcək.
Təhlilçilər sığorta haqlarında kəskin azalmanı istisna etmirlər: həyat sığortası üçün 40%, icbari fərdi qəza və xəstəlik sığortası üçün 35%, fiziki şəxslər üçün tibbi sığorta və əmlak sığortası üçün 30% -ə qədər azalma müşahidə edilə bilər. Kasko sığortası üzrə 25% azalma özünü göstərə bilər, digər tərəfdən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə toplanan haqların həcmi bu növün məcburi olması səbəbindən əhəmiyyətli dərəcədə azalmayacaq.
Təbii ki, yuxarıda qeyd olunanlar “Ekspert-RA”-nın proqnozudur. Və bir çox şirkətlərə görə bu proqnozlar pessimistdir. Ölkələrin iqtisadiyyatında baş verə biləcək növbəti dəyişikliklərə post pandemiya dövründə atılan addımlar da öz təsirini göstərəcək.