İcbari Sığorta Bürosu (İSB) "Yaşıl Kart" - Beynəlxalq Sığorta Sistemi çərçivəsində böyük məbləğdə ödəniş edib.
FED.az İSB-yə istinadən xəbər verir ki, 161 021 manat (81 418 avro) ödəniş Almaniyanın Hess şəhərində Azərbaycanın "Yaşıl Kart"ına malik olan Qazaxıstan dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sahibinin təqsiri üzündən baş vermiş hadisəyə görə həyata keçirilib.
Ümumilikdə, bu ilin yanvar-noyabr aylarında Azərbaycanın "Yaşıl Kart" sahiblərinin təqsiri səbəbindən Türkiyə, Latviya, Litva, Polşa, İtaliya, Almaniya, Belçika və Bolqarıstanda ümumilkdə 336 yol-nəqliyyat hadisəsi baş verib. Həmin sığorta hadisələrinə görə 804 290 manat ödəniş edilib.
"Yasil Kart" sistemi üzv büroların qarşılıqlı zəmanəti əsasında, avtonəqliyyat vasitələri ilə xarici ölkələrə səfər edən sürücülərin mülki məsuliyyətini sığortalayan vahid təminat sistemidir. Sistemin məqsədi xarici avtonəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərin tələblərinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyi ilə nəzərdə tutulmuş şərtlərə və qaydalara uyğun olaraq tənzimlənməsidir.
İSB 2016-cı ildə Beynəlxalq Bürolar Şurasına üzv seçilib və Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir. 2023-cü ilin yanvarın 1-dən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə də Azərbaycan "Yaşıl Kart"larının satışı həyata keçirilir.












