Son zamanlar nəqliyyat vasitəsi sahiblərinin beynəlxalq sığorta kartı olan “Yaşıl Kart”-la bağlı saxta sığorta müqavilələrinin satılmasına dair “İcbari Sığorta Bürosu”na (ISB) xaricdə fəaliyyət göstərən “Yaşıl Kart” büroları tərəfindən məlumatlar daxil olub.
Eləcə də bax: Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər azalıb
FED.az xəbər verir ki, ISB-dən verilən məlumata görə, bununla əlaqədar vətəndaşların diqqətinə çatdırılır ki, “İcbari Sığortalar haqqında” qanunun 63.2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsinin sahibi Azərbaycan Yaşıl Kartını yalnız Yaşıl Kart Sistemində fəaliyyət göstərmək hüququna malik olan yerli sığortaçılarla müqavilə bağlayaraq əldə etməlidir.
Bildirilir ununla yanaşı vətəndaşlardan xahiş edirik ki, xarici ölkələrə səfər zamanı Yaşıl Kart sığorta təminatının alınmasında aşağıdakılara diqqət etsinlər:
1. Yaşıl kart blankında yuxarıda solda yerləşən “İcbari Sığorta Bürosu”-nun logosunun olmasına;
2. Yaşıl kartın qüvvədə olduğu ölkələri əks etdirən cədvəldə (8 -ci bölüm) səyahət edəcəyi ölkənin üzərindən xətt çəkilib-çəkilməməsinə;
3. Yaşıl kartı təqdim edən sığortaçı (10-cu bölüm) barədə məlumatların dəqiqliyinə.
Qeyd edək ki, vətəndaşlar İcbari Sığorta Bürosunun rəsmi internet səhifəsi (www.isb.az) vasitəsi ilə və ya (012) 595 00 20 telefonuna zəng etməklə də Yaşıl Kartın etibarlılığı barədə məlumat əldə edə bilərlər.