İcbari Sığorta Bürosunun avtomobilllərin icbari sığortasının satışı ilə bağlı həyata keçirəcəyi yeniliklər sığorta şirkətləri ilə Büro arasında fikir ayrılığı yaradıb. FED.az xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli bildirib ki, İSB-nin edəcəyi dəyişikliklərin müsbət tərəfləri olsa da, sığorta şirkətlərinin narazılığına səbəb olan məqamlar var.
Belə ki, Azərbaycan reallığında lisenziyalı agentlər və lisenziyası olmayan, amma sığorta fəaliyyəti ilə məşğul olan əməkdaşlar var. Avtomobillərin icbari sığortasının satışı ilə bağlı yeni qaydanın tətbiqindən sonra bu əməkdaşların qısa zamana lisenziyalaşması prosesi getməlidir. Amma bunun üçün qısa zaman verilməsi çətinlik yaradır. Sığorta şirkətləri hesab edir ki, lisenziyalaşma prosesi mərhələli şəkildə olması məqsədəuyğun olardı.
Digər məsələ ondan ibarətdir ki, yeni qaydaların tətbiqindən sonra icbari avtosığorta üzrə bütün müqavilələr İSB-nin platforması üzərindən tətbiq ediləcək. Bu da müəyyən məqamda sığorta şirkətlərinin rəqabətlilik prinsipini məhdudlaşdıracaq. Çünki bütün sığorta şirkətləri, bu sahədə fəaliyyət göstərən peşəkar oyunçuların tətbiq etdikləri platformalar eyniləşir. Bu məsələ də təbii ki, sığorta şirkətlərini narahat edir. M.Abbasbəyli qeyd edib ki, hər iki istiqamət üzrə ASA-da müzakirələr aparılır.