Azərbaycanda birdən artıq yerdə işləyənlərin icbari tibbi sığorta haqqın necə ödəyəcəyi məlum olub.
Eləcə də bax: İcbari tibbi sığorta haqqı - NECƏ HESABLANACAQ? – MİSALLAR
FED.az xəbər verir ki, İcbari Tibbi Sığorta Agentliyinin Büdcə planlaşdırılması və hesabatlılıq şöbəsinin koordinatoru Nəsimi Nuriyev bildirib ki, «Tibbi Sığorta haqqında» Qanuna əsasən, vətəndaş sığorta haqqını gəlirlərindən ödəməlidir: «Ona görə də, bir neçə yerdən gəlir əldə edilirsə, onlara uyğun da ödəniş edilməlidir. Başqa sözlə, 2 yerdə işləyənlər hər iki iş yerindən əldə etdiyi gəlirə uyğun ayrıca icbari tibbi sığorta haqqı ödəməlidir.
Qeyd edək ki, bu məbləğlər «Tibbi Sığorta haqqında» Qanunda əksini tapıb. Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 000 manata qədər olan hissəsindən 2 faiz, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.
«Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8 000 manata qədər olan hissəsindən 1 faiz, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı ödəniləcək. Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8 000 manatadək (8.000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi, 8 000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı müəyyən olunub»-deyə N.nuriyev bildirib.