İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı yol xəritəsi hazırlanıb.
Agentlikdən cavab olaraq, bildirilib ki, hazırda yol xəritəsi müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Növbəti ildə yol xəritəsində dövlət tibb müəssisələrinin icbari tibbi sığortanın prinsiplərinə əsasən hazırlanması və səhiyyə sisteminin icbari tibbi sığortaya tam inteqrasiyası nəzərdə tutulub:
"Yol xəritəsində maliyyə dayanıqlığının təmin edilməsi üçün icbari tibbi sığortanın müxtəlif mənbələrdən maliyyələşdirilməsi nəzərdə tutulur. Bu maliyyə mənbələrinə dövlət büdcəsi, əhalidən toplanan sığorta haqları və alternativ maliyyə mənbələri aiddir. Növbəti il üçün dövlət büdcəsində icbari tibbi sığorta üçün nəzərdə tutulan vəsait alternativ maliyyə mənbələrinə aiddir və yol xəritəsinin tələblərindən irəli gələn məsələlərin icrası üçün rezerv (ehtiyat) vəsaitdir".