2020-ci ildən bütün ölkə ərazisində tətbiq ediləcək icbari tibbi sığorta zamanı bəzi xidmətlər müəyyən limit daxilində və növbəlilik prinsipi ilə göstəriləcək.
FED.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta Agentliyinin rəhbəri Zaur Əliyev məlumat verib. Xatırladaq ki, hazırda icbari tibbi sığorta ölkənin 3 rayonunda tətbiq edilir. Burada əhaliyə xidmətlər zərfinə daxil olan tibbi xidmətlər pulsuz göstərilir.
Eləcə də bax: "Azərbaycan səhiyyənin maliyyələşdirilməsi layihəsinin həyata keçirilməsinə hazırdır" - İcbari Tibbi Sığorta
İcbari tibbi sığorta bütün ölkə üzrə tətbiq ediləndə, yəni gələn ildən etibarən xidmətər zərfinə də yenidən baxılacaq. İndiyədək pilot rayonlarda əldə edilən təcrübəyə əsasən xidmət zərfinə dəişikliklər ediləcək: «Biz indiyədək aparılan işləri təhlil etdik və baxdıq ki hansı xidmətlərə daha çox və ya daha az tələbat olur. Onları nəzərə almaqla zərfdə müəyyən dəyişikliklər edilib».
Qeyd edək ki, artıq indidən xidmət zərfinə əhalinin ehtiyacı olan bəzi əlavə xidmətlərin daxil edilməsi müzakirə olunur. Bunlar süni mayalanma və orqan köçürməsi əməliyyatlarıdır. Amma həmin əməliyyatların qiymətlərini nəzərə alaraq təklif edilir ki, bu xidmətlər müəyyən limit daxilində olsun: «Bizim xidmətlər zərfinə təklif etiyimiz istiqamətlərdən biri süni mayalanma və orqan köçürmələri ilə bağlıdır. Təbii ki, biz bunları yenidən qiymətləndirmişik, bunlar böyük vəsait tələb edən sahələrdir. Biz düşünmüşük və hesablamalarımız da göstərir ki, bu xidmətləri müəyyən limitli həcmdə başlamaq olar. Daha sonra bizim iaknalar artdıqca, bunları da genişləndirmək olar».
Bu xidmətlərin xidmət zərfinə əlavə edilməsi hazırda təkliflər mərhələsindədir. Agentlik sədri bildirir ki, elə bir mexanizm qurulacaq ki, adı çəkilən xidmətlərdən ilk növbədə ən çox ehtiyac olanlar faydalana bilsinlər: «Bu təkliflər təsdiqlənəndən sonra daha əminliklə deyə bilərik ki, biz il ərzində həmin istiqamətlərdə nə qədər xidmət göstərməyi gözləyirik və bu xidmətlər hansı növbə ilə göstəriləcək. Çünki burada növbəlilik düzgün və ədalətli şəkildə tənzimlənməlidir. Düzgün kriteriyalar qoyulmalıdır ki, bu xidmətdən ən çox ehtiyacı olanlar istifadə edə bilsin».