Banner

Sığorta

İcbari tibbi sığorta özəl klinikalarda - QİYMƏTLƏRİ ENDİRƏCƏK

İcbari tibbi sığorta özəl klinikalarda - QİYMƏTLƏRİ ENDİRƏCƏK | FED.az
12:26 30 May 2019

Azərbaycanda 2020-ci ildən icbari tibbi sığortanın tətbiqi özəl klinikalarda da qiymətlərin enməsinə səbəb olacaq. Bu barədə FED.az-a Bioloji Təbabət Klinikasının sahibi Elxan Yaqubov bildirib.

Xatırladaq ki, icbari tibbi sığorta çərçivəsində 2 minə yaxın tibbi xidmətin əhaliyə pulsuz göstərilməsi nəzərdə tutulub. Nəticədə, tibbi xidmətləri əsasən özəl klinikalardan alan vətəndaşların böyük hissəsinin xidmətlərin pulsuz göstərildiyi dövlət xəstəxanalarına üz tutacağı gözlənilir.

Elxan Yaqubov bildirir ki, bu vəziyyətdə rəqabəti saxlamaq üçün özəl sektorda qiymətlərin enməsi qaçılmazdır: «Qiymətlər azalacaq, amma elə xidmətlər var ki onların maya dəyəri yüksəkdir və bunlarda azalma olmayacaq».

Klinika rəhbəri deyir ki, özəl sektorda göstərilən tibbi xidmətlərin qiyməti müxtəlif məsələlərdən, o cümlədən istifadə edilən tibbi avadanlığın keyfiyyətindən asılıdır: «Məsələn, elə ultrasəs aparatları var ki, qiyməti cəmi 10 min manatdır, onlar ağ-qara təsvirlər verir. Amma elə aparatlar da var ki, onların qiymətləri 100-120 min dollardan da bahadır. Bu iki aparatda aparılan müayinənin keyfiyyəti kimi, maya dəyəri də eyni olmayacaq».

E.Yaqubov təklif edir ki, belə hallarda hər bir tərəfin marağının qorunması üçün bu üsuldan istifadə oluna bilər: «Tutaq ki, hər hansı tibbi xidmətin dövlət qiyməti 10 manat, özəl klinikada isə 15 manatdır (yəni qiyməti bundan aşağı endirmək olmur). Belə halda icbari tibbi sığorta vətəndaşa həmin xidməti ya dövlət klinikasında pulsuz göstərir. Əgər vətəndaş hökmən özəl klinikanın xidmətindən istifadə etmək istəyirsə, icbari sığorta həmin xidmətin dövlət qiymətini (yəni 10 manatı) vətəndaşa ödəyir, vətəndaş da bunun üzərinə 5 manat əlavə edib özəl klinikaya üz tutur».

E.Yaqubov bildirir ki belə sxem bir sıra ölkələrdə, o cümlədən Türkiyədə mövcuddur.

«Türkiyədə belədir ki, hökumət öz qiymətinə uyğun pulu ayırır, əgər xəstə özəli seçirsə, özü də bu pulun üzərinə öz vəsaitini əlavə edib özəllə xidəti həyata keçirir».

«Bəs elan edilsə ki, xidmətlərin qiyəti dövlət və özəl sektor üçün eynidir, onda necə?» sualına gəlincə, klinika rəhbəri bildirir ki, «əgər özəl kilinikada həmin xidmətin qiyməti maya dəyətindən aşağıdırsa, biz bu xidməti göstərə bilməyəcəyik».

Qeyd edək ki, İTSA elan edib ki, agentlik lazımi kriteriyalara cavab verən klinikalarla əməkdaşıq edəcək. Amma Elxan Yaqubov bildirir ki, hələlik bu tələblərlə tanış deyil.

«Klinikanız icbari tibbi sığorta ilə işləməsə və müştəriləri azalsa, optimallaşdırma işləri (xərcləri və qiymətləri azaltmaq) aparacaqmı?» sualına cavab olaraq E.Yaqubov bildirir ki, indiyədək bu addımlar atılıb: «Çünki elə bunsuz da bazarda böyük rəqabət var, həm də əhalinin alıcılıq səviyyəsini nəzərə alırıq».  Klinika rəhbərinin sözlərinə görə, hazırda özəl klinikalarda tibbi xidmətlərin qiyməti 2014-cü ildən bəri dəyişməyib, yəni qaldırılmayıb: «Klinikalarda tibbi xidmətlər üçün ən çox müraciətlər də o vaxt qeydə alınmışdı».

2015-ci ildə klinikalara müraciətlər 2014-cü illə müqayisədə 2 qat azalıb. Sonradan bu göstərici yenidən artmaqdadır, amma hələlik 2014-cü il səviyyəsinə çatmayıb – 70-80%-i qədərdir.

Hazırda klinikalar müştəri loyallığın qorumaq və daha çox müştəri cəlb etmək üçün müxtəlif güzəşt proqramları tətbiq edirlər.

Digər xəbərlər

Banner