Bəzi iddialara görə, əhalinin böyük həyəcanla gözlədiyi və ölkə üzrə 2020-ci il 1 yanvardan tətbiqi nəzərdə tutulan icbari tibbi sığorta Bakı və Sumqayıt şəhərlərinə hələlik şamil edilməyəcək. Həmçinin qeyd edilir ki, növbəti ilin ilk ayından etibarən işləyən vətəndaşların hər birinin əməkhaqqından 10 manat tutulacaq.
FED.az xəbər verir ki, məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, icbari tibbi sığorta 2020-ci il 1 yanvardan etibarən bütün ölkə üzrə tətbiq ediləcək:
Eləcə də bax: İcbari tibbi sığorta ilə bağlı - 10 ƏSAS SUALA CAVAB
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 20 dekabr 2018-ci il tarixli 418 №-li Fərmanına əsasən 1 yanvar 2020-ci ildən ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq.
Bu məqsədlə 28 dekabr 2018-ci il tarixində icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə şərait yaradan “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun qəbul edilib”.
Rəsmi məlumata görə, təqvim ili üçün adambaşına 120 manat ödəməklə icbari tibbi sığorta münasibətləri çərçivəsində tibbi xidmətlərdən istifadə edilir:
““Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-10.1.2.1-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyət göstərən və dövlət sektoruna aid edilən sığortalılarda Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən, işləyən şəxslərə münasibətdə sığortalı tərəfindən-hesablanmış əməyin ödənişi fondunun 2 faizi tutulacaq. Sığortaolunan tərəfindən – işçinin əməkhaqqının 2 faizi ödənilməklə, həmin qanunun 15-10.1.2.2-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və qeyd edilən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən təqvim ili üçün adambaşına 120 manat ödəməklə icbari tibbi sığorta münasibətləri çərçivəsində tibbi xidmətlərdən istifadə edilir”.
Həmçinin bildirilib ki, Qanununun 15-11.2-ci maddəsinə əsasən, sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq göstərilən ilkin səhiyyə xidməti, habelə təcili və təxirəsalınmaz tibbi yardım xidməti, o cümlədən aşağıda göstərilən kateqoriyalara daxil olan şəxslər üçün sığorta haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:
- “Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsi və ya Mülki Məcəlləyə uyğun olaraq mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda:
- Azərbaycan Respublikasının vətəndaşı olan 18 yaşınadək şəxslər;
- peşə təhsili, orta iхtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsilalma forması üzrə təhsil alan 23 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları;
- “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən növündən asılı olmayaraq əmək pensiyası alan şəxslər;
- “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sosial müavinət almaq hüququna malik olan əmək qabiliyyəti olmayan şəxslər;
- “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
- ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonra 42 gün müddətində qadınlar;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar”.