İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS) tərəfindən icbari tibbi sığortanın xidmətlər zərfinə 3000-ə yaxın tibbi xidmətin daxil ediləcəyi nəzərdə tutulub.
FED.az xəbər verir ki, hazırda isə vətəndaşlar “its.gov.az” saytına daxil olmaqla İTS-nın baza paketində tibbi sığortası nəzərdə tutulan 1829 adda tibbi xidmətlə tanış ola bilər. Həmin xidmətlərə Təcili və təxirəsalınmaz tibbi yardım – 6 növ xidməti, ilk tibbi yardım ailə həkimi – 18 növ xidməti, ambulator müayinə və müalicə – 480 növ xidmət, stasionar müalicənin 677 növü, funksional – diaqnostika müayinəsi – USM, KT, MRT, rentgen və s.
İcbari tibbi sığortanın xidmətləri üçün dövlət büdcəsindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin büdcəsinə hər bir Azərbaycan vətəndaşına 90 manat olmaq şərtilə 900 milyon manat vəsait ayrılıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Şükür Eyvazov bildirib ki, icbari tibbi sığortanın xidmətlər zərfinə 3000-ə yaxın tibbi xidmətin daxil ediləcəyi nəzərdə tutulub: “İcbari tibbi sığorta gələn ilin birinci rübündə 23 regionda tətbiq olunacaq”.
Qeyd edək ki, 2020-ci ildən etibarən icbari tibbi sığorta mərhələli şəkildə Azərbaycanda tətbiq ediləcək. Birinci mərhələdə, yəni ilk üç ay ərzində vətəndaşlardan icbari tibbi sığorta haqqı tutulmayacaq, aprel ayında isə ikinci mərhələ başlayacaq. İkinci mərhələdə vətəndaşların icbari sığortasına görə onların əmək haqlarından müəyyən vəsait tutulacaq.
Eləcə də bax: Yanvarın 1-dən İcbari Tibbi Sığorta - HAQQI TUTULACAQ
TED