Fevral ayının 15-dək icbari tibbi sığortanın tətbiq edildiyi 23 regiondakı tibb müəssisələrinə 381 482 nəfər, 607 063 müraciət edib. Bu müraciətlər üzrə 1 321 592 tibbi xidmət göstərilmişdir.
Eləcə də bax: “İcbari tibbi sığorta olan bəzi rayonlarda həkim çatışmır” – MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu barədə keçirilən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
Ən çox vətəndaşın müraciət etdiyi regionlar Mingəçevir (76 992), Yevlax (48 325), Xaçmaz (43 030), Şəki (42 896) və Qəbələdir (42 874). Ən çox tibbi xidmət göstərən tibb müəssisələri Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (244 747), Yevlax rayon Mərkəzi Xəstəxanası (108 376), Ağdaş rayon Mərkəzi Xəstəxanası (92 151), Xaçmaz rayon Mərkəzi Xəstəxanası (72 757) və Şəki rayon Mərkəzi Xəstəxanasıdır (84 350).
Z.Əliyev bildirib ki, tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə respublikanın inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri yaradılmışdır. Hazırda icbari tibbi sığortanın tətbiqi 5 tibbi ərazi bölməsini əhatə edir: “Həmin tibbi ərazi bölmələri üzrə müraciət sayına gəldikdə, deyə bilərəm ki, fevralın 15-dək ən çox Şəki – Zaqatala tibbi ərazi bölməsinə müraciət edilib. Şəki – Zaqatala üzrə 169 204, Bərdə – Yevlax üzrə 149 683, Quba – Xaçmaz üzrə 124 350, Göyçay – Kürdəmir üzrə 83 562 və Dağlıq Şirvan üzrə 80 264 müraciət qeydə alınıb”.
Ən çox müraciət edilən xəstəliklərə gəldikdə, fevralın 15-dək müraciətlərin böyük əksəriyyəti yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası xəstəliyi ilə bağlı olub. Bu xəstəlik üzrə 12 182 müraciət qeydə alınıb. Ən çox müraciət edilən xəstəliklər sırasında ümumi tibbi baxış (7189), yüksək qan təzyiqi (6215), digər ümumi baxışlar (5372), insulindən asılı olmayan şəkərli diabet (5231) və s. xəstəliklər yer alır.
Yanvar ayı ərzində ümumilikdə 242 nəfər həyati vacib-dəyəri yüksək olan əməliyyatlardan yararlanıb. Bahalı əməliyyatlar arasında, koronar damarlara stendlərin tətbiqi (76 əməliyyat), kardiologiya/ürək-damar cərrahiyyəsi (60 əməliyyat), oftalmologiya (42 əməliyyat), urologiya (24 əməliyyat), nevrologiya/neyrocərrahiyyə (23 əməliyyat) üzrə əməliyyatlar çoxluq təşkil edir.