2020-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə 31 954 min manat sığorta haqqı hesablanıb.
Eləcə də bax: Azərbaycanda bu il icbari sığorta - Bazarı Böyüyüb
FED.az Banker.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın statistikasına görə, avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə hesablanmış sığorta haqları 2019-cu ilin yanvar-oktyabr dövrü ilə müqayisədə 2 milyon 987 min manat və ya 10.3% artıb.
2019-cu ilin yanvar-oktyabr ayları ərzində avtonəqliyyat vasitələrinin sığortası üzrə 28 967 min manat sığorta haqları hesablanmışdı.
2020-ci ilin yanvar-oktyabr ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə sığorta ödənişləri 35.4 min manat və ya 0.3% artaraq 10 522.3 min manat təşkil edib.
İCBARİ AVTOMOBİL SIĞORTASI ÜZRƏ YIĞIMLAR AZALIB
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 78 771.9 min manat həcmində sığorta haqqı yığılıb, 47 019 min manat ödəniş həyata keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımları 6.7%, ödənişlər isə 14.3% azalıb.
Qeyd edək ki, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 84 463.2 min manat sığorta haqları hesablamış, 54 893.4 min manat sığorta ödənişləri həyata keçirmişdilər.