2025-ci ilin ilk dörd ayı üzrə açıqlanan sığorta ödənişləri sığorta sektorunun maliyyə axınlarını və şirkətlərin müştərilərə göstərdiyi xidmət səviyyəsini bir daha ortaya qoyub.
FED.az Mərkəzi Bankın aylıq hesabtına istinadən xəbər verir ki, açıqlanan rəqəmlər əsasında sektorun liderləri və ümumi vəziyyəti haqqında aşağıdakı qənaətə gəlmək olar..
Sığorta ödənişlərinə görə “Paşa Həyat Sığorta” ASC yenə sektorda liderlik mövqeyini qoruyub. Şirkət 2025-ci ilin yanvar-aprel ayları ərzində 129 milyon 595 min manat həcmində ödəniş həyata keçirib. Bu göstərici “Paşa Həyat”ın həyat sığortası sahəsində dominant mövqedə olduğunu bir daha təsdiqləyib.
İkinci pillədə qərarlaşan “Paşa Sığorta” ASC 41 milyon 848 min manat ödənişlə ciddi nəticə əldə edib. Şirkət müxtəlif növ qeyri-həyat sığorta məhsullarında geniş müştəri portfeli formalaşdırıb və ödənişlər baxımından sabitlik nümayiş etdirib.
“Atəşgah” qrupu hər iki şirkətilə ilk beşlikdə yer alıb. Belə ki, “Atəşgah Həyat” Sığorta Şirkəti ASC 14 milyon 282 min manat, “Atəşgah” Sığorta Şirkəti ASC isə 12 milyon 748 min manat ödəniş edib. Hər iki şirkət həyat və qeyri-həyat sahələrində bazar iştirakçısı kimi mövqelərini qoruyub və müştəri yönümlü strategiyalarını davam etdirib.
Beşinci yerdə “Qala Sığorta” ASC qərarlaşıb – 7 milyon 693 min manat ödəniş edib.
Altıncı sırada dayanan “Meqa Sığorta” ASC – 5 milyon 64 min manat. “Azərbaycan Sənaye Sığorta” ASC – 4 milyon 15 min manat, “A-Qroup Sığorta Şirkəti” ASC – 3 milyon 573 min manat, “Aqrar Sığorta” ASC – 3 milyon 26 min manat, “Xalq Sığorta” ASC isə 2 milyon 797 min manat ödənişlə ilk onluğu tamamlayıb.