2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 239 milyon 718,8 min manat təşkil edib ki, bu da 2023-cü ilin analoji dövrünün göstəricisindən 8,4% çoxdur.
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 191 milyon 47,25 min manat (artım 11,4%) və ya bazar üzrə bütün sığorta haqlarının 79,7%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 87 milyon 75,29 min manat (artım 25%), qeyri-həyat sığortası üzrə sığorta haqları 103 milyon 971,96 min manat (artım 2,1%) təşkil edib.
İcbari sığorta növləri üzrə sığorta haqları 48 milyon 671,57 min manat (azalma 2%) təşkil edib.
Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası (80 milyon 429,65 min manat), könüllü tibbi sığorta (62 milyon 933,47 min manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (24 milyon 493,46 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 70%-ni təmin edib
Yanvar-fevral aylarında sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 97 milyon 434,38 min manat yönəldiblər ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisindən 38,2% çoxdur.
Bu dövrdə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 79 milyon 822,8 min manat (artım 1,5%) və ya bazar üzrə bütün ödənişlərin 81,9%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 60 milyon 46,17 min manat (artım 1,6%), qeyri-həyat sığortası üzrə ödənişlər 19 milyon 776,66 min manat (artım 31,2%) məbləğində olub.
İcbari sığorta növləri üzrə ödənişlər 17 milyon 611,5 min manat (azalma 1,7%) təşkil edib.
Hesabat dövründə sığortaçılar avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (16 milyon 749,6 min manat), həyatın yaşam sığortası (59 milyon 617,7 min manat) və könüllü tibbi sığorta (14 milyon 256,17 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, yanvar-noyabr aylarında bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 93%-ni təmin edib.
Yanvar-fevral ayları ərzində həyatın yaşam sığortası üzrə ödənişlər 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə artıb.
Fevralın sonuna Azərbaycanda 17 sığorta şirkəti fəaliyyət göstərib.
AMB-nin məlumatına görə, 2024-cü ilin yanvar-fevral aylarında sığorta haqlarının həcminə görə sığorta şirkətlərinin TOP-5-nə “PAŞA Həyat Sığorta” (81,39 milyon manat), “PAŞA Sığorta” (90,704 milyon manat), “Atəşgah Həyat Sığorta” (12,471 milyon manat), “Qala Sığorta” (9,265 milyon manat) və “Atəşgah Sığorta” (8,186 milyon manat) daxil olub.
Hesabat dövründə sığorta şirkətlərinin sığorta haqlarının 84,3%-i bu 5 şirkətin payına düşüb.
Yanvar-fevral aylarında ödənişlərin həcminə görə sığorta şirkətlərinin TOP-5-də “PAŞA Həyat Sığorta” (51,831 milyon manat), “PAŞA Sığorta” (18,028 milyon manat), “Atəşgah Sığorta (3,008 milyon manat), “Atəşgah Həyat Sığorta” (6,513 milyon manat) və “A-Group Sığorta” (2,226 milyon manat) yer alıb.
Bu dövrdə sığortaçıların ödənişlərinin 83,8%-i bu 5 şirkətin payına düşüb.
Yanvar-fevral aylarında sığorta sektorunun penetrasiya səviyyəsi 1,3% təşkil edib. (İnterfaks-Azərbaycan)