İcbari Sığorota Bürosu 2025-ci ildə müxtəlif hadisələr üzrə ödədiyi kompensasiyanın məbləğini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, «İcbari sığortalar haqqında» Qanununa əsasən, bəzi hallarda ölkə ərazisində baş vermiş yol nəqliyyat hadisələri nəticəsində icbari sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallarda sağlamlığına zərər dəyən üçüncü şəxslərə kompensasiyanı İcbari Sığorta Bürosu (İSB) ödəyir.
Büronun məlumatına görə, 2025-ci ildə İSB-yə kompensasiya ödənişləri ilə bağlı 398 müraciət daxil olub. Bu müraciətlər əsasında 217 şəxsin sağlamlığına vurulmuş müxtəlif dərəcəli xəsarətlərə görə 216 342 manat, 10 şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsinə (əlillik) səbəb olmuş xəsarətlərə görə 28 000 manat və 171 şəxsin ölümü ilə nəticələnmiş hadisələr üzrə 504 833 manat olmaqla, ümumilikdə 749 175 manat komensasiya ödənişləri həyata keçirilib.
Hansı hallarda kompensasiyanı İcbari Sığorta Bürosu ödəyir?
Qeyd edək ki, yuxarıda göstərilən hallarda vətəndaşların mülkiyyətinə və ya sağlamlıqlarına dəyən zərər adətən sığorta şirkətləri tərəfindən, yəni hadisəni törədən maşının sahibinin məsuliyyət sığortası üzrə qarşılanır.
Amma bəzi hallarda ya avtomobilin icbari sığortası olmar və ya hadisəni törədən şəxsi müəyyən etmək mümkün olmur. Belə hallarda qarşı tərəfə dəyən zərəri İcbari Sığorta Bürosu qarşılayır.
Bunlar hansı hallardır? – 3-cü şəxsin sağlamlığına naməlum və ya oğurlanmış avtonəqliyyat vasitəsilə zərər vurulduqda, qəza və zərər sığortası olmayan sürücü tərəfindən törədildikdə, eləcə də sığorta şirkəti, məsələn, müflis olduqda və nəticədə ödəniş edə bilməyəndə belə ödənişləri İSB həyata keçirir.
Kompensasiya ödənişləri ilə bağlı daha ətraflı məlumatı İSB-nin internet səhifəsindən əldə edə bilərsiz.













