Həyatın Yaşam Sığortası ölkə üzrə toplanan sığorta yığımlarının 4 dən 1-ni təşkil edir
Bu ilin 7 ayı üzrə həyatın yaşam sığortası üzrə 102 mln 436 min manat sığorta haqqı toplanıb. Bu göstərici ölkə üzrə 2019-cu ilin yanvar – iyul ayları ərzində toplanmış ümumi sığorta yığımlarının 4 - dən 1 - ni təşkil edir.
Belə ki, bu ilin 7 ayı ərzində ölkədə fəaliyyət göstərən 22 sığorta şirkətinin topldığı cəmi sığortaq haqları 422 mln 931 min manat olub ki, bu məbləğin də 4 dən 1-i ölkədə fəaliyyət göstərən 4 həyat sığorta şirkətinin cəmi bir sığorta növü üzrə topladığı yığımların payına düşüb.
Həyat Sığortasının ölkənin ümumi sığorta bazarında böyük payı olması rəqəmlərdən aydın seçilir. Lakin ötən ilin 7 ayı ilə müqayisədə həyatın yaşam sığortası 33% və ya 50 mln 446 min manat azalıb.
Azalmaya səbəb nədir?
Həyatın Yaşam Sığortasının 50 mln manatdan çox azalmasına səbəb isə Vergi Qanun vericiliyinə edilən dəyişiklik olub. Belə ki,həyat sığortasına ödənilən məbləğlər əvvəllər tam həcmdə gəlir vergisindən azad edilirdisə, indi Vergi Məcəlləsinə edilən dəyişiklikdən sonra həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsi, sığortaçıların ödədikləri sığorta haqları və fiziki şəxslərin gəlir vergisindən azaddır. Bu məhdudiyyət sosial sığorta haqlarına da aiddir.
Azalmaya səbəb də elə əslində budur. Sığortanın bu növü üzrə yığımların azalması insanların bu sahəyə marağın azalmasında deyil, sadəcə qanunvericilikdə edilən dəyişikliklərdən irəli gəlir.
Həyatın Yaşam Sığortasının illər üzrə dinamikasına baxdıqda isə 2017 və 2016 - cı illərin statistikasına açıq - aydın görmək olur ki, bu sığorta növünə maraq artıb. Belə ki, 2017-ci ilin 7 ayında həyatın yaşam sığortası üzrə toplanmış sığorta haqqı 79 mln 771 min manat , 2016 – cı ilin 7 ayında isə bu göstərici 51 mln 175 min manat olub.