Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyəti, o cümlədən, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş hərbi qulluqçuları da əhatə edir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini, məhz müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Vətən uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşılır, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq bu kateqoriyadan olan şəxslər hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.
Ölkəmizdə şəhid ailələrinə və müharibə əlillərinə sosial ödənişlərin verilməsi ilə yanaşı, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində sosial proqramlar həyata keçirilir.
Eyni zamanda, şəhid hərbi qulluqçuların vərəsələrinə, müharibə əlillərinə sığorta ödənişlərinin verilməsi Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən operativ icra edilir.
Bu məqsədlə müvafiq dövlət qurumları - Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Müdafiə Nazirliyi ilə əməkdaşlığa başlamışdır. Sığorta əməliyyatlarının kompleks və ardıcıl idarə olunması üçün dövlət sığorta nəzarətini həyata keçirən Mərkəzi Bankda işçi qrupu yaradılmışdır. Əməkdaşlıq şəraitində Ədliyə Nazirliyi tərəfindən şəhid olmuş hərbi qulluqçuların vərəsələrinin qısa zamanda müəyyən olunması və onlara müvafiq təsdiqedici sənədlərin verilməsi təmin olunmuşdur. Eyni zamanda əlilliklə nəticələnən ağır bədən xəsarəti almış hərbi qulluqçulara sığorta ödənişinin operativ verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq edilir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlar zamanı şəhid olmuş, xəsarət almış və əlil olmuş hərbi qulluqçuların sığorta təminatı məsələləri üzrə Dövlət Sığorta Kommersiya Şirkətinin məsul şəxslərindən ibarət “İşçi Qrup”un yaradılmışdır.
Şirkətin şəhər və rayon filiallarının əməkdaşları tərəfindən şəhid ailələri və xəsarət almış hərbi qulluqçular ziyarət edilərək, sığorta ödənişinin verilməsi üçün zəruri sənədlərin toplanmasında onlara dəstək göstərilir.
«Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Qanunun 5-ci maddəsinə əsasən I dərəcəli əlilliyə görə 8800 manat, II dərəcəli əlilliyə görə 6600 manat, III dərəcəli əlilliyə görə 4400 manat, yüngül xəsarətə görə 550 manat, ağır xəsarətə görə isə 2750 manat məbləğində sığorta ödənişi nəzərədə tutulmuşdur.
2021-ci ilin 15 mart tarixinə olan məlumata əsasən, Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 44 günlük hərbi əməliyyatlar nəticəsində şəhid olmuş, xəsarət almış və əlil olmuş hərbi qulluqçulara 44 mln. manat sığorta məbləği ödəmişdir.
Sığorta ödənişlərinin verilməsində müştəri məmnunluğunun və şəffaflığın təmin edilməsi prioritet məqsədlərdən biridir.
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş hərbi qulluqçuların qəhramanlığına və şücayətinə görə onlara xidmət etmək hər birimiz üçün şərəfdir.
Əfqan Mirzəyev
Dövlət Sığorta Kommersiya Şirkəti,
Hüquq departamentinin direktoru