Xəbər verildiyi kimi, prezident İlham Əliyev ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
FED.az xəbər verir ki, bu fərman 8800 şəxsin ailəsinə şamil olunacaq və ailələrin hər birinə 11 000 manat ödəniləcək. İlk baxışdan bu fərman ölkə qarşısında borclarını ləyaqətlə yerinə yetirən şəxslərə qayğı göstərilməsidir. Bunnula yanaşı, həmin addım hərbçilərin sosial müdafiəsi ilə bağlı uzun illərdən qalan problemin həllini tapmasına imkan yaradıb. Söhbət hərbçilərin sığortasından gedir. Sığorta eksperti İlkin İbrahimov bununla bağlı fikirlərini bölüşüb:
«Azərbaycan Dövləti Hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydalarını və şərtlərini müəyyən edir. Bu qaydalar 20 may 1997-ci il tarixli “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunla tənzimlənir və həmin qanuna əsasən Hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır (Yəni Azərdövlət sığorta şirkətidir).
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər bu sığorta növü ilə dövlət büdcəsi hesabına sığortalanaır. Elə həmin qanuna əsasən sığorta məbləği maksimal 11000 AZN müəyyənləşdirilmiş, sığorta haqqı isə büdcədən ayrılmaqla sığorta məbləğinin 1 faiz təşkil etməkdədir, yəni hər bir sığortalı üçün dövlət büdcədən illik 110 AZN sığorta haqqı ödəyir və işlərin aparılmasına görə sığorta şirkətinə xidmət haqqı olaraq sığorta haqqının 10 faizi miqdarında müəyyən edilir. Göstərilən məsələlər 1997-ci ildən etibarən tənzimləndiyindən bundan əvvəl olmuş hadisələr üçün müəyyən problemlər yaranmışdır. Nəhayət dövlətin maddi durumunun yaxşılaşması və büdcəmizin günü-gündən böyüməsi ilə vətən uğrunda həlak olmuş şəxslərə qayğı və diqqətin artması səbəbilə 28.01.2014-cü ildə “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “icbari şəxsi sığortanın bəzi maddələrinin şərhi ilə bağlı şərh verdi. Qanunun qüvvəsinin vətəndaşın xeyrinə olmasını səbəb gətirərək həmin sığorta ödənişlərinin 1997-ci ilə qədər baş vermiş hallara da şamil olunmasını bildirdi. Həmin vaxt Məhkəmə çıxarılan Qətnamələr əsasında bəzi vətəndaşlara sığorta kompensasiyası verməyə başladı. Bu hal 5-6 ay çəkdi və kütləvi müraciət, büdcə proqnozlarında və icrasında bu hallarla bağlı pul ayrılmaması bu prosesin ləngiməsinə gətirib çıxardı, nəhayət 2015-ci il devalvasiya və ondan sonrakı illərdə büdcədən ayırmaların olmaması bu problemin indiki vaxta kimi gəlib çıxmasına gətirib çıxardı. Sonuncu dəfə 2017-ci ilin avqustunda məhkəmə qətnaməsi çıxmış və icraya yönəlmiş işlər üzrə Binəqədi icra şobəsi Azərsığortanın hesabından hər qətnamə üzrə 10% ödəmə edilməsi üzrə icra hərəkəti etmişdi. Bu da müəyyən problemlər yaratmışdı. 2014 cü ildən qalan bu məsələni Prezident köklü həll etdi. Həm sığorta şirkəti bu yükdən qurtuldu, həm də haqqı olanlara bütövlükdə kompensasiya ödəniləcək. Tək bir məsələ xəsarət alanlarla bağlı açıq qaldı. Hər halda mərhələli olaraq problemin həlli yolundan başqa alternativ yoxdur. Şəhidə verilən qiymət hər zaman dəstəklənməlidir.
Digər məsələ isə hazırda bu məsələni icrası ilə illərdir məşğul olan və həll edə bilməyən Azərsığorta şirkətindən alınıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsidir. Qeyd edilməlidir ki, bu addım da daha irəliyə və qanunvericiliyə uyğun atılmışdır. Çünki bu məsələ sığorta hadisəsi deyil hazırda sosial məsələ olduğundan həmin qurumun işləri aparması daha məqsədəuyğundur. 8800 ailənin bu sosial təminatdan yararlanması gözlənilir. Fikrimcə Burada 100-lərlə bir hissəsi ödənilmiş qətnamələr qalmışdır. Ona görə də təsadüfi deyil ki, Prezidentin fərmanında 1 və 2 ay müddətinə sənədlərin yığılması və təqdim edilməsi nəzərdə tutulur ki, bu da ehtimal edilir ki, əvvəl qətnaməsi olan şəxslərə veriləcək, daha sonra isə mərhələli şəkildə bu hal davam edəcək».
Hərbçilərin sığortası niyə nazirliyə tapşırıldı? - AÇIQLAMA
14:55
20 Aprel 2018