Azərbaycanda avtomobil sahiblərinin etibar etdiyi sığorta şirkətləri ilə bağlı sorğunun nəticələri məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalə tərəfindən keçirilən sorğu 01 noyabr 2022-ci il tarixindən etibarən avtomobillərin icbari sığortası üzrə yeni qaydaların qüvvəyə minməsinə həsr olunub.
Xatırladaq ki, avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası (avtomobillərin icbari sığortası) sahəsində noyabrın 1-dən qüvvəyə minən yeniliklərə əsasən, qəza zamanı, zərərçəkən tərəfə ödənişi qarşı tərəfin sığortaçısı deyil, öz sığortaçısı ödəyəcək.
Bu dəyişiklik nəticəsində avtomobil sahiblərinin sığorta şirkəti seçmə səbəbi və motivasiyası yaranıb.
Belə ki, indiyədək qəza zamanı zərər çəkən avtomobilə ödənişi qarşı tərəfin sığortaçısı ödəyirdi. Nəticədə avtomobil sahibləri sığorta şirkətini seçərkən onun göstərdiyi xidmətdən birbaşa özləri faydalanmadığına görə, seçim zamanı keyfiyyətə deyil, qiymət endirimlərinə üstünlük verirdilər.
Noyabrın 1-dən etibarən isə hər bir avtomobil sahibi qəza zamanı öz sığorta şirkətinin xidmətindən istifadə edəcək. Ona görə də daha keyfiyyətli xidmət göstərən şirkət seçiminə maraq artır.
FED.az-ın təşkil etdiyi sorğuda «Yeni sığorta qaydalarının tətbiqindən sonra hansı sığorta şirkətinə etibar edəcəksiniz?» sualı verilib və cavablar toplanıb. Sorğu FED.az internet səhifəsində 21.11.2022-30.11.2022 tarixlərində keçirilib.
Sorğuda hazırda İcbari Sığorta Bürosunda avtomobillərin icbari sığortası xidmətini göstərmək üçün qeydiyyatda olan 13 sığorta şirkəti iştirak edib.
Nəticələrə əsasən sorğuda 1-ci yeri «Günay Sığorta» şirkəti tutub.
Sığorta qaydalarında baş verən dəyişikliklərdən sonra avtomobil sahiblərinin 44,77%-i faizi bu sığorta şirkətinə etibar edəcəyini bildirib.
2-ci yeri «Meqa Sığorta» şirkəti tutub – bütün səslərin 27,58%-i bu şirkətə verilib.
Sorğuda 3-cü yerdə «Azərbaycan Sənaye Sığorta» şirkəti tutub – 7,73%.
«A-Group Sığorta» şirkəti 5,63%, «Azərsığorta» şirkəti 5,19% səs toplayıb.
Avtomobil sığortaları sahəsində çoxsaylı kampaniyaları ilə diqqəti cəlb edən «Paşa Sığorta» şirkətinin səsləri 3,85%, «Xalq Sığorta» şirkətinə verilən səslər isə 2% təşkil edib.
Digər sığorta şirkətlərinin səslərin sayı ümumi sayın 1%-dən aşağı olub.