«Günay Sığorta» şirkəti burada hüquq-mühafizə orqanları tərəfindən yoxlama aparılması xəbəri ilə bağlı açıqlama yayıb.
Eləcə də bax: "Bandotdel" "Günay Sığorta"da yoxlamalara başladı - ARAŞDIRMA APARILIR
FED.az xatırladır ki, yoxlamanın şirkətin ödənişdən imtina etməsi ilə bağlı aparıldığı bildirilir. Belə ki, tanınmış “Ferrini” paltar mağazası “Günay Sığorta” şirkətində məhsullarını sığortalatdırıb. Avqust ayında həmin mağazanı su basdığı üçün mallar məhv olub və qanunvericiliyə uyğun olaraq həmin mağazaya külli miqdarda sığorta ödənişi verilməlidir. Məlumata əsasən sığorta şirkətinin rəhbərliyi bu ödənişi etməməyə cəhd edərək bağlanan müqavilədə səhvlər axtarmağa başlayıb.
Şirkətdən FED.az-a verilən məlumatda «Ferrini» geyim mağazasının «Günay Sığorta» ASC-də sığortalanması və hadisənin baş verdiyi təsdiqlənir. Amma şirkət bildirirki, bir məqam onu şübhələndirib: «Müqavilənin qüvvədə olduğu müddətdə həmin mağazada subasma hadisəsi baş vermişdir. Müvafiq hadisə araşdırılarkən bir çox şübhəli məqamlar aşkar olunmuş və bundan əlavə, müəyyən olunmuşdur ki, həmin mağaza 2019-cu ildə sığorta bazarında fəaliyyət göstərən digər bir şirkətdən subasma hadisəsi ilə əlaqədar böyük məbləğdə sığorta ödənişi almışdır».
Şirkət bu məqamdan şübhələnərək ödəniş verməyə tələsməyib və hüquq-mühafizə orqanlarına üz tutub: «Qeyd olunan faktları nəzərə alaraq və maliyyə bazarının cinayətkar qəsdlərdən qorumaq üçün şirkətimiz müvafiq hadisənin daha ətraflı araşdırılması, sığorta bazarında fırıldaqçılıqla məşğul olan şəxslərin müəyyən edilməsi məqsədilə qanunverciliklə nəzərdə tutulmuş hüquqlarından istifadə edərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir».
Şirkət bildirir ki, hazırda məhz bu müraciətlə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində müvafiq araşdırmalar aparılır və bu araşdırmaların “Günay Sığorta” ASC-nin fəaliyyəti, o cümlədən tələb olunan kapitalı və məcmu kapitalı ilə heç bir əlaqəsi yoxdur. Belə ki, hər hansı sığorta şirkətinin maliyyə sabitliyini yoxlamaq həmin orqanın səlahiyyəti xaricindədir.
«Əlavə olaraq onu bildirmək istəyirik ki, “Günay Sığorta” ASC-nin maliyyə durumu tam sabitdir, baş vermiş sığorta hadisələri ilə bağlı vaxtı-vaxtında sığorta ödənişlərini həyata keçirir. 2020-ci ilin 9 ayı ərzində sığorta ödənişləri 1 milyon 749 min manat təşkil edir».