Vətəndaşlara tibbi göndərişlərin verilməsi qaydasında dəyişiklik edilib.
Zaur Əliyev: "Gələn il onkoloji xəstələrin tibbi xidmətlərlə qarşılanması ilə bağlı yenilik olacaq"
FED.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun hesabatını təqdim edərkən deyib. Agentlik sədri bildirib ki, əsas dəyişiklik vətəndaşların vaxt, maliyyə vəsaiti itirmədən öz yaşadığı inzibati ərazi daxilində dövlət və ya özəl tibb müəssisəsində xidmətdən yararlanmasını təmin etməkdir.
Zaur Əliyev bildirib ki, gələn il onkoloji xəstələrin müalicəsinin tibbi xidmətlərlə qarşılanması ilə bağlı yenilik olacaq. İcbari tibbi sığorta ilə qarşılanan dərman vasitələrinin siyahısı da hazırlanacaq.
Agentlik sədri son dövrlərdə xəstəxanalardakı sıxlıqdan danışıb. Bu sıxlıqlar zamanı vətəndaşlar uzun müddət növbədə gözləməklə bağlı narazılıq edir. Bu halları aradan qaldırmaq üçün randevu sistemi tətbiq edilir. Bu sistem özünü doğruldarsa, ölkə üzrə də tətbiq ediləcək.
Cəbrayıl və Qubadlıda modul tipli xəstəxanalar quraşdırılacaq. Zaur Əliyevin sözlərinə görə, Şuşa, Zəngilan, Laçın, Ağdam və Hadrutda bu tip xəstəxanalar artıq quraşdırılıb. (Xezerxeber.az)